“Qarabağ danışıqları əbədi davam edə bilməz” - <font color=red> XİN başçısı</font>

Siyasət

12.05.2020 - 17:05

Həkimlər Klinikalar SEO Xidməti

“Azərbaycanın bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququ vardır”

 

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans şəklində keçirilmiş iclasına qatılıb. Nazirlikdən AYNA-ya verilən məlumata görə, E.Məmmədyarov konfransda Ermənistan tərəfindən verilən son bəyanatlardan danışıb.

 

XİN başçısı bildirib ki, Ermənistan rəhbərliyinin son açıqlamaları, rəsmi İrəvanın münaqişənin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni etdiyini, bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaratdığını göstərir.

 

“Bu gün dünyada hökm sürən reallıqlar sabitlik və təhlükəsizlik üçün yeni çağırışlara və təhdidlərə qarşı bütün dövlətlərin səmərəli qarşılıqlı fəaliyyətini və səylərinin əlaqələndirilməsini tələb edir. Lakin MDB məkanında mövcud olan həll olunmamış münaqişələr, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təşkilat daxilindəki inteqrasiya potensialını tam və effektiv şəkildə reallaşdırmağa imkan vermir və MDB-yə üzv olan dövlətlərin yeni çağırışlara və təhdidlərə qarşı daha sıx qarşılıqlı fəaliyyətinə əsas maneədir”, deyə, nazir qeyd edib.

 

Məmmədyarov vurğulayıb ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinə sadiqdir: “Bununla yanaşı, danışıqlar əbədi davam edə bilməz və danışıqlar güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etdirilməsinə və saxlanılmasına xidmət etməməlidir. Bir daha xatırlatmaq istərdim ki, BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyası və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində qeyd olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququ vardır. Münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanan tezliklə həlli, şübhəsiz ki, bölgədə regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin və regionda iqtisadi əməkdaşlığın möhkəmlənməsinə kömək edəcəkdir”.

Müəllif: Ayna.az