Bakı Olimpiya Stadionundakı matçı 17 mindən çox azarkeş izləyib
"Qarabağ" UEFA Konrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib. AYNA-nın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrə "Bazel"ini qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bakı Olimpiya Stadionundakı matçı 17 mindən çox azarkeş izləyib. Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. 8-ci dəqiqədə İbrahima Vadjinin zərbəsi qapının yanından keçib. 2 dəqiqə sonra isə rəqib qapıçı Haynts Linder Xayme Romeronun fərqlənməsinə icazə verməyib.
38-ci dəqiqə qonaqların heyətində Pajtim Kasami cərimə meydançasında əllə oynasa da, belçikalı baş hakim Erik Lambrexts penalti təyin etməyib. 42-ci dəqiqədə Raul Petrettanın zərbəsindən sonra Şahruddin Məhəmmədəliyev "köhlən atlar"ı qoldan xilas edib. 44-cü dəqiqədə Artur Kabral topu qapının yanından vurub.
İkinci hissə demək olar ki, bütövlükdə "Qarabağ"ın hücumları şəraitində keçib. 79-cu dəqiqədə Patrik Andrade uzaq məsafədən fərqlənmək istəsə də, istəyinə çata bilməyib. 84-cü dəqiqədə isə ikinci hissədə meydana daxil olan Marko Vesoviçin zərbəsini "Bazel"in qapıçısı qaytarıb. 90+4-cü dəqiqədə isə Ramil Şeydayevin yaxın məsafədən başla zərbəsindən sonra qapıçı növbəti dəfə qola imkan verməyib.
Qeyd edək ki, H qrupunun digər matçında "Kayrat" Qazaxıstanda Kiprin "Omoniya" klubu ilə qolsuz heç-heçəyə razılaşıb.