“Qara siyahı”dakı media orqanlarının adlarının həmin siyahıdan çıxarılmasına ehtiyac yaranıb
Mətbuat Şurasının “qara siyahı”sı ləğv olunub. AYNA xəbər verir ki, bu barədə, Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
İclasda bildirilib ki, məlum siyahıda yer alan KİV-lərin əksər hissəsi çap mediasıdır və onlar hazırda ya fəaliyyətlərini davam etdirmir, ya da barələrində şikayətlər daxil olmur: "Elə media qurumları da var ki, həmin siyahıdan çıxmaq üçün Şuraya müraciətlər ünvanlayıblar və bu məqama həssas yanaşılmalıdır. Həssas yanaşılmalı məqamlardan biri də MŞ-nin missiyası ilə bağlıdır. Bu missiya media orqanlarının həm işlərinə məsuliyyətlə yanaşmalarını təmin etməyə, həm də yol verdikləri nöqsanlardan nəticə çıxararaq fəaliyyətlərinə davam etmələrinə şərait yaratmağa, reabilitasiya imkanlarının dəyərləndirilməsinə köklənib. Belə bir istək MŞ-yə ünvanlanmış müraciətlərdə əksini tapıb. Şuranın müxtəlif KİV-lərlə əlaqədar araşdırmaları da onların işlərində dönüş yaratdıqlarını deməyə əsas verir. Buna görə də “qara siyahı”dakı media orqanlarının adlarının həmin siyahıdan çıxarılmasına ehtiyac yaranıb".
Məsələ müzakirə edildikdən sonra qəbul edilib.
İclasda o da bildirilib ki, internet informasiya resurslarının sayının sürətlə artdığı hazırkı şərait üçün yeni yanaşmalar tələb olunmaqdadır. Məsələyə münasibətdə daha adekvat mexanizmlərin seçilməsi vacibdir. Bununla bağlı təkliflər verilməsi üçün iş aparılması məqbul sayılıb.