“Qara qızıl” milli valyutanın üzünü ağardacaqmı – Neft və manatdan gözləntilər

İqtisadiyyat

03.11.2021 - 21:08

Neftin ciddi şəkildə bahalaşacağı proqnozlaşdırılır, manatla bağlı vəziyyət isə fərqlidir

“Bank of America” analitikləri gələn ilin yayına qədər “Brent” markalı neftin barelinin 120 dollara yüksələcəyini proqnozlaşdırırlar. Bununla belə, yerli iqtisadçılarımızın fikrincə, artan neft qiymətləri çətin ki, valyutamızın dollara nisbətdə artımı istiqamətində mövqeyini gücləndirsin.

Bildirilir ki, kömür və qaz qiymətlərinə təkan verən qlobal enerji böhranı artıq London və Nyu-York birjalarında neft fyuçerslərinin artımını sürətləndirib. Artım gələn il də davam edəcək və onu benzin, dizel və kerosinə olan güclü tələb dəstəkləyəcək.

Bu arada, qiymət artımının dinamikası artıq neft indekslərinə çox yüksək dəyər qazandırıb. Son məlumatlara görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti simvolik olaraq 0,08% artaraq 84,78 dollara, WTI markalı neftin dekabr fyuçersləri 0,06% azalaraq 84 dollara düşüb.

Göründüyü kimi, neft dəyər qazanır və bu, gələn il valyutamızın sabitliyi ilə bağlı nikbinlik dalğasına səbəb olub. Azərbaycan Mərkəzi Bankı (AMB) artıq milli valyutanın məzənnəsi ilə bağlı arxayın açıqlama yayıb. Tənzimləyici qurum iddia edir ki, neftin dünya qiymətlərinin yüksək olması və artan valyuta gəlirləri manatın mövqeyini gücləndirir.

Amma reallıqda manatın məzənnəsinin yüksəlməsi ehtimalı azdır. Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, neftin qiymətinin qalxdığı halda belə, manatın dollar və digər xarici valyutalara nisbətdə möhkəmlənməsi ilə bağlı gözləntilər inandırıcı görünmür.

“Əsas bank da valyutamızın möhkəmlənməsində maraqlı deyil. Çünki bu, bizim qeyri-neft ixracatımızın xarici bazarlarda qiymətinin qalxmasına səbəb ola bilər. Odur ki, manatın məzənnəsinə təsir edən əsas iqtisadi amillər məhz ölkəyə daxil olan xarici valyuta və onun Dövlət Neft Fondunun valyuta hərraclarına çıxardığı məbləğ olsa da, milli valyutanın möhkəmlənməsi hələlik gündəmdə deyil. Çünki valyutaya olan tələbatın əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir”, - deyə deputat AYNA-ya açıqlamasında bildirib.

Bu baxımdan, mütəxəssisin sözlərinə görə, dollara olan tələbatın və manatın məzənnəsinin ödənilməsi üçün Neft Fondunun hərraca çıxardığı valyutanın həcmi böyük əhəmiyyət kəsb edir: “Bu gün biz qeyri-neft məhsulları seqmentində əsas ticarət tərəfdaşlarımız olan ölkələrin valyutaları qarşısında dolların möhkəmlənməsinin şahidi oluruq. Eyni zamanda, dolların bahalaşması fonunda region valyutalarının ucuzlaşması prosesi yaşanır. Amerika valyutası avro qarşısında xeyli möhkəmlənərək, investorlar üçün ən az riskli valyuta mövqeyini bərpa edib”.

“Manatın davranışı Mərkəzi Bankdan asılıdır. Bizim tənzimləyicimiz hələ də bu prosesə birbaşa müdaxilə etmək imkanını saxlayır, bu isə o deməkdir ki, Azərbaycan valyutasının məzənnəsinin perspektivləri AMB-dən asılı olacaq”, - deyə Bayramov vurğulayıb.

Dünya analitikləri karbohidrogen bazarında qiymət artımının davam edəcəyini gözləyirlər. “Goldman Sachsk” bankının hesabatına görə, ilin sonuna kimi neftin bir bareli 90 dollara kimi bahalaşa bilər. Bankın analitikləri gözləyirlər ki, uzun müddət davam edən kəsir gələn ilin əvvəlində neftə tələbatın ən yüksək səviyyəyə yüksəlməsinə səbəb ola bilər.

Rusiyanın “Yeni Cəmiyyət” İnstitutunun Siyasi İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov da qiymətlərin görünməmiş həddə yüksələcəyini düşünür. Onun AYNA-ya dediyinə görə, neftin barelinin qiyməti üçrəqəmli qiymətlə hesablanacaq.

“Mənim 2020-ci ildə fəlakətlərin pik nöqtəsində neft qiymətləri ilə bağlı ümumi proqnozum belə idi: hər barelə görə 200-300 dolları görəcəyik. İndi hamı çox arzuladığı “yüz” sözünü təkrarlayır. Keçəcək, “yüz əlli” deyəcəklər, sonra daha çox düşünəcəklər. Perspektiv yuxarıdır. Bu, ABŞ-ın və kapitalizmin köhnə nüvəsi olan digər ölkələrin valyutaların və qiymətli kağızların ucuzlaşmasına imkan verməmək üçün yeritdiyi maliyyə siyasəti ilə təmin edilir”, - deyə ekspert vurğulayıb.

Müəllif: Tanya Samsonova