“Putin xüsusi əməliyyatlara gedə bilər - təxribat, terror, gizli təşkilatlar”

Dünya

14.02.2022 - 22:54

Aleks Qriqoryevs: “Ukrayna Rusiya qarşısında tərksilah olmaq kimi axmaqlığa bir daha getməyəcək”

Rusiya ilə Ukrayna arasında müharibə haqqında söz-söhbətin özü belə, dünyanın geosiyasi və iqtisadi konfiqurasiyasını dəyişir. Bu, nəinki müəyyən dərəcədə konsolidasiya baş verən Qərbə, həm də postsovet məkanına da aiddir.

Gözləntilər o qədər qabardılır ki, müharibə olmasa, o zaman tərəflərdən birini diplomatik cəhətdən uduzan tərəf hesab etmək olar. Tanınmış latviyalı politoloq Aleks Qriqoryevs AYNA-ya müsahibəsində Rusiya-Ukrayna münaqişəsi ətrafında gedən proseslərdən danışıb.

- Ukrayna ilə Rusiya arasındakı hazırkı qarşıdurmanı necə qiymətləndirirsiniz? Rusiya qoşun yeritməkdə nə dərəcədə ciddidir?

- Putin orta səviyyəli sovet “KQB-şniki”dir, kifayət qədər tipikdir. Bundan iki əsas nəticə çıxır: birincisi, hərbi əməliyyatlar deyil, daha çox xüsusi əməliyyatlar onun üçün tanış və xarakterikdir; ikincisi, reallıq olduğu kimi onun (sovet) üçün heç bir əhəmiyyəti yoxdur və taktika onun üçün strategiyadan (orta ranq) daha vacibdir. Buna əsaslanaraq, Qərb mediasının yazdığı və Qərb liderlərinin xəbərdarlıq etdiyi Ukraynaya qarşı irimiqyaslı hücumun, böyük ehtimalla, baş verməyəcəyini ehtimal etmək olardı - xüsusən də Putin hesab etsə ki, o, öz məqsədlərinə Rusiyadakı reytinqini aşağı sala biləcək və onu artıq əldə etdiyi statusdan məhrum edə biləcək müxtəlif avantüralar olmadan da nail ola bilər.

Hələlik sabitliyin pozulması paradoksal olaraq bütün maraqlı tərəflərə sərf edir. 2014-cü ilin payızında Avstraliyanın Brisben şəhərində keçirilən G20 toplantısında Putin necə təcrid olunmuşdu? Bəs indi? Baydenlə danışıqlar aparır, daha sonra Makron və Şolts ona baş əyməyə gedirlər. Yəni proseslər hamının qorxduğu və sakitləşdirməyə çalışdığı böyük dövlətin, nüvə silahı olan Yuxarı Volta statusunun bərpasına doğru gedir. Belə şəraitdə özünü dünya lideri kimi göstərmək, nüvə silahı ilə dünyanı qorxutmaq, Rusiyada reytinq artımını gözləmək olar.

Amma ABŞ da bu situasiyadan bəhrə görə bildi: Rusiya NATO-nu birləşdirə bildi, ABŞ-ın Qərb dünyasının lideri kimi rolu yenidən gücləndi, həm Avstraliya, həm də Yaponiya ilə müttəfiqliyi möhkəmlənir. Ukrayna mümkün müharibədən qaçan investisiyalarını itirsə də, ABŞ, Polşa, Böyük Britaniya, Baltikyanı ölkələr və Türkiyə ilə müttəfiqliyi daha da güclənir. Maddi yardım var, silah-sursat verilir, diplomatik və siyasi dəstək gücləndirilir.

Buna baxmayaraq, başa düşmək lazımdır ki, Putinin daimi məqsədlərindən biri Ukraynanın suverenliyinin aradan qaldırılması, Ukraynanın Rusiyaya tabe olmasıdır. O, buna Ukraynaya və Qərb dövlətlərinə, ilk növbədə ABŞ-a təzyiq etməklə nail olmağa çalışır ki, onlar da Ukraynaya təzyiq etsinlər ki, Kiyev öz növbəsində Moskvanın traktovkasında  Minsk razılaşmalarına əməl etsin. Bu da köhnə nağıldır. 2003-cü ildə də eyni şəkildə Putin Moldova dövlətini məhv etməyə çalışdı və Moldova Prezidenti yalnız son anda Moskvanın şərtləri ilə razılaşmağın mümkün olmadığını anladı. Öz yolunu tutmaq üçün Putin müxtəlif xüsusi əməliyyatlara gedə bilər: təxribat, Odessa və ya Xarkovda qeyri-leqal təşkilatlar yaratmaq cəhdləri, Nikolayevə və ya Xersona desant yeritmək, yaxud da Donbasda cəbhə xəttində sabitliyi pozmaq.

 - Makronun Moskva və Kiyevə səfəri göstərdi ki, Fransa Ukraynanın neytrallığı və Minsk razılaşmalarının həyata keçirilməsinin tərəfdarıdır. Bunlar rusların istədikləri deyilmi?

- Məncə, Makronun safitlərin işığında poza vermək və Fransanın böyüklüyündən danışmaqdan başqa bir planı yoxdur. Rus qoşunları iki yüz ildən çox əvvəl Parisdə idi və orada bunun nə olduğunu unudublar. Bu, Riqa deyil, Vilnüs deyil, Bakı da deyil. Həm də Praqa və ya Budapeşt də deyil. Baxmayaraq ki, Budapeştdə onlar da 1956-cı ili və asılmış liderlərini açıq-aşkar unudublar. Makronu Rusiyada özünü reklam xatirinə alçaldıblar, çünki tezliklə seçkiləri var. Onu nəinki təyyarənin keçidində qarşılamadılar, onu sonradan lətifələrə çevirilən iki nəfərlik uzun masaya oturtdular. Amma getdikdən sonra Peskov Fransa Prezidenti ilə bağlı izah etdi ki, “o, heç kimdir, adı da heç nədir”.

Makron Ukraynaya dəstək və pul vəd etdi və bunulda da bitdi. Və Kiyevdə heç kim onun Ukraynanın necə davranmalı olduğuna dair leskiyalarına qulaq asmayacaq.

Mahiyyəti üzrə danışsaq, bu gün hamı unudub ki, SSRİ Finlandiyanın neytrallığını tanımırdı, fürsət düşən kimi onu tutmaq planlarından əl çəkmirdi. Rəsmi olaraq, Sovet sənədlərində Finlandiya “neytrallıq siyasəti yürüdən” ölkə adlandırılırdı, yəni neytral deyil, sanki neytraldır. Lakin 2014-cü ildə Ukrayna sadəcə bloka daxil olmayan dövlət statusuna malik idi və hətta Budapeşt Memorandumu ilə qorunurdu. Bu, Putin Rusiyasına Krımı ondan qoparmağa və Donbasda iğtişaşlar təşkil etməyə kömək etdi. Bu cür axmaqlığa – Rusiya qarşısında tərksilah olmağa bu ölkə daha getməyəcək. Yeri gəlmişkən, Qərbdə “finlandiyalaşma” sözü kəskin mənfi məna daşıyır.

- Avropa İttifaqı və ümumilikdə Qərb sərt sanksiyalara nə dərəcədə hazırdır? Rusiyanın SWIFT sistemindən ayrılması nələrlə nəticələnər?

- Qərb böyük və rəngarəngdir. Britaniya bir sanksiyaya, Macarıstan digərinə, Fransa üçüncüyə hazırdır. Lakin Bayden həqiqətən səbrlə NATO və onun hüdudlarından kənarda vahid mövqe qurur. O, Putinin Prezident kürsüsündə qatil, cinayətkar olduğunu yaxşı anlayır və bunu Qərb ölkələrinin qalan rəhbərlərinə də başa salır. Hətta “şrederləşən” Almaniya belə,  sərt sanksiyalara qoşulmaqdan qaça bilməyəcək və “Şimal axını 2”-ni unutmaq olar. SWIFT sistemindən ayırmaslar belə, o zaman ayrı-ayrı banklara qarşı sanksiyalar sarsıdıcı olacaq. Başqa bir məsələ budur ki, ruslar yoxsul yaşamağa öyrəşiblər.

- Sanksiyalardan daha çox kim zərər çəkəcək? Rusiya, yoxsa Avropa İttifaqı? Moskva "mühasirəyə alınmış qala" strategiyasına hazır olduğunu düşünürmü?

- Təbii ki, bu, Rusiyaya daha çox zərbə vuracaq. Elə indiki sanksiyalar da çox ağrılıdır. Sadəcə olaraq, ruslar dözmək mümkün olmayanda səbrli olmağa meyllidirlər, lakin Qərbdə buna öyrəşməyiblər. Daha pis başqa bir məqam var. Adama elə gəlir ki, indiki vəziyyət çox pisdir. Ancaq bu, daha pis ola bilməyəcəyi anlamına gəlmir. Növbəti mərhələ Qərbin Rusiyanın nüvə silahları ilə birbaşa şantajı, Putinin nüvə blefidir. Bayden bu şantajdan sağ çıxacaqmı? Ümid edirəm bəli, davam gətirə biləcək.

Müəllif: Nicat Hacıyev