“Rusiya və Belarus çoxşaxəli əməkdaşlığı daha da inkişaf etdirməyə davam edəcək”
Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenkonu yenidən Belarus Prezidenti seçilməsi münasibətilə təbrik edib. AYNA xəbər verir ki, təbrik məktubu Kremlin saytında dərc olunub.
“Hörmətli Aleksandr Qriqoryeviç, yenidən Belarus Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. “Seçkilərdə inamlı qələbə Sizin yüksək siyasi nüfuzunuzu, habelə əhalinin Belarusun tutduğu dövlət kursuna şəksiz dəstəyini əyani şəkildə nümayiş etdirir”, - məktubda qeyd edilib.
Putin qeyd edib ki, son vaxtlar iki lider Moskva ilə Minsk arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün çox iş görüb.
Putin vurğulayıb ki, Rusiya və Belarus çoxşaxəli əməkdaşlığı daha da inkişaf etdirmək, “İttifaq Dövləti” institutlarının səmərəliliyini artırmaq və Avrasiya məkanında qarşılıqlı faydalı inteqrasiya proseslərinə kömək etmək üçün sıx əməkdaşlıq etməyə davam edəcəklər.
Belarus Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, ötən gün keçirilən prezident seçkilərində Lukaşenko 86,82 faiz səs toplayıb.