Alim doğulduğu Tovuzun Alakol kəndin məzarlığında torpağa tapşırılıb
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist Nəsir Əhmədli dəfn olunub. AYNA xəbər verir ki, Əməkdar jurnalist Tovuz rayonunun Alakol kənd məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, professor Nəsir Əhmədli dünən uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
N.Əhmədli 1 iyul 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2016-cı il Mirzə Cəlil Media Mükafatına layiq görülüb. Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında işləyib.
100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 5 dərs vəsaitinin, 10 kitabın müəllifidir. 1 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 1 elmlər namizədinin rəsmi opponenti olub.
Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qayda aşkarlayıb.
"Jurnalistin nitq mədəniyyəti” kitabına görə "Media açarı-2006” mükafatına, 3-cü dərəcəli "Əmək ordeni"nə, Ali Media Mükafatına, müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb.
Allah rəhmət eləsin!