İlham Əliyev: “Bu, respublika deyildi, vilayət idi. Yəni, orada daha aşağı səviyyəli özünüidarəetmə mexanizmi mövcud idi”
“Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen təhlükəsizlik konfransında canlı formatda aparılmış diskussiya əsnasında bütün dünyaya sübut edə bilmişəm ki, bu, bizim tarixi torpağımızdır. XIX əsrin əvvəllərində Kürəkçay sülh anlaşması haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında ümumiyyətlə geniş ictimai fikirdə heç bir məlumat yox idi”.
AYNA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün xalqa müraciətində səsləndirib. Hətta, Kürəkçay müqaviləsi haqqında Azərbaycanda geniş məlumat olmadığını bildirən dövlət başçısı deyib ki, Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan imzalamışdı, digər tərəfdən Çar Rusiyasının generalı imzalamışdı: “O müqavilə internetdə var, hər kəs baxa bilər və əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyüş meydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriya gedib bu saytlara girəcək, baxacaq görəcək ki, o müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt burada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı”.
Prezident qeyd edib ki, bundan məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Əfsuslar olsun ki, onlar bu məqsədə çatdılar.
“Dağlıq Qarabağ bölgəsinə - azərbaycanlıların dədə-baba torpaqlarına qonşu ölkələrdən kütləvi qaydada erməni əhalisi gətirilərək yerləşdirildi. Ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar və XX əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək. 1921-ci ilin iyul ayında Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir və belə təhlükə var idi. Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgün qiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail ola bilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb, Azərbaycana veribdir. Yalandır! Açın baxın Qafqaz bürosunun protokoluna - Dağlıq Qarabağ Azərbaycan tərkibində saxlanılsın. Bu, bir daha onu təsdiqləyir ki, bu, bizim torpağımızdır”, - deyə Prezident vurğulayıb.
İ.Əliyev təəssüflə qeyd edib ki, sonradan Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi: “Amma onu da bildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yəni, orada daha aşağı səviyyəli özünüidarəetmə mexanizmi mövcud idi. İndi tarixə baxmaq kifayətdir ki, hər kəs görsün, orada yaşayan ermənilər böyük hüquqlara, imkanlara malik idi”.