Polisin imicinə zərbə: Zərrə-zərrə yığılanı birdəfəyə yerə vurdular

Cəmiyyət

11.06.2020 - 15:31

“Ramin gecə-gündüz işləyir ki, həm ev pulunu ödəyək, həm də mənim dərmanlarımı ala bilək, indi biz nə edəcəyik?!”

 

Böyük Monqol imperiyasının yaradıcısı Çingiz xan tarixdə təkcə ilk dəfə dağınıq monqol tayfalarını birləşdirərək, vahid dövlət yaradan siyasi xadim kimi deyil, həm də “Yasa” adlanan qanunlar toplusunu yaradan insan kimi qaldı. Elə Türkiyənin Ana Yasa dediyi Konstitusiyanın adı da buradan götürülüb. Çingiz xan Yasasında ilk dəfə olaraq kollektiv cavabdehlik anlayışı yer alıb. Qanunlar külliyatında yer alan bir maddəyə görə, onluqlara bölünmüş qoşun dəstəsindən əgər bir əsgər döyüşdən qorxub qaçardısa, o zaman bütün onluq edam edilirdi...

 

İyunun 7-də Yeni Yasamal yaşayış massivinin Dadaş Bünyadzadə küçəsi, ev 13-ün sakinləri polis tərəfindən həbs edilən bir sakinin qədərindən artıq qəddarlıqla saxlanılmasına etiraz edərək, eyvanlardan etiraz etmiş və polislərin əraziyə gələn avtomobilin üzərinə zibil tökmüşdülər.

 

Ertəsi gün, iyunun 8-də Çevik Polis Alayının (ÇPA) əməkdaşları ərzidə xüsusi əməliyyat keçirərək, onlara zibil atanları həbs etməyə gəldilər. Və elə bir əməliyyat keçirdilər ki, sanki onlar karantin rejimini pozan adi şəxsləri saxlamağa gəlmirdilər, məşhur narkobaron Pablo Eskobarın malikanasına hücum edirdilər. Heç bir sanksiya təqdim edilmədən, zorla sakinlərin mənzillərinə soxulur, onları üst paltarı geyinmək imkanı belə verilmədən, alt paltarında sürüyə-sürüyə (kadrlardan görünür ki, saxlanılanlar müqavimət də göstərmirdilər) maşınlara basıb aparırdılar. Əməliyyatın sonunda məlum oldu ki, polisə zibil atan 11 nəfər saxlanılıb və bir gün sonra Yasamal Rayon Məhkəməsinin qərarı ilə onların hərəsinə “bilərəkdən polisin tələblərinə tabe olmamaq” maddəsi ilə müxtəlif sutkalı (10, 15, 30) cəza kəsilib.

 

Bu məsələdə cəmiyyəti maraqlandıran bir sıra suallara biz də cavab tapmaq istədik. Məsələn, nəyə görə adi karantin qaydasını pozanların üzərinə, daha ciddi cinayətlərlə məşğul olan ÇPA əməkdaşları yeridildi?

Rəşad Rüstəmov