Alıcılara polietilen torbaların ziyanı barədə ətraflı məlumat verilib və onlara ekoçantalar paylanılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə marketdə "Polietilen torbalardan imtina edək" devizi altında aksiya keçirib.
Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, 3 iyul - Beynəlxalq Polietilen Paketsiz Gününə həsr olunan aksiya zamanı ekokönüllülər tərəfindən alıcılara polietilen torbaların ziyanı barədə ətraflı məlumat verilib və onlara ekoçantalar paylanılıb.
Aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq, alternativ vasitə olan ekoçantalardan istifadəyə üstünlük verməkdir.
Bu gün ən çox istifadə edilən daşıma vasitəsi – polietilen torbalar qısa müddətdə istifadə olunur və atılır. Həmin paketlər isə yüz illərlə təbiətdə çürümədən qala bilir və ətraf mühitə ziyan vurur. Odur ki, dəfələrlə istifadə oluna bilən parça, həsir və digər alternativ torbalardan istifadə edərək ətraf mühitin qorunmasında birgə səy göstərək.
Qeyd edək ki, plastik tullantıların ətraf mühitə zərərinin azaldılması istiqamətində ölkəmizdə qalınlığı 15 mikrona qədər olan plastik torbaların satışı, idxalı və istehsalı 2021-ci il yanvarın 1-dən tam qadağan edilib. 1 iyul tarixindən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı və satışı qadağan olunub.