Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib...

Aktual

24.10.2024 - 10:20

Həkimlər Klinikalar SEO Xidməti

Lavaşı, dolmanı, köçərini, yallını qoruduq, amma... - Onlar gərək Ağayanı oxuyardılar

Erməni təbliğatı Azərbaycan xalqının tarixi-mədəni irsini özünün “milli sərvəti” kimi təqdim etməkdə davam edir. Titanik səylər sayəsində lavaş, dolma, köçəri və yallı rəqslərini müdafiə etmək mümkün oldu. İndi isə erməni plagiatlarının gözü saza çevrilib.

Belə ki, 2023-cü ilin payızında “anti-erməni təbliğatı ilə mübarizə” məqsədilə yaradılan “Geqard” Elmi və Analitik Fondu saz musiqi alətinin əslində azərbaycanlılara aid ola bilməyəcəyini və ermənilərə aid olduğunu bəyan edib.

“Erməni miniatürlərində saza bənzər simli musiqi alətinin təsviri hələ XIII əsrdə təsdiqlənir. Bu alətin adı erməni xalq eposunda da qorunub saxlanılıb”, - plagiatçılar qeyd edirlər.

Əvvəlcə plagiatçılar bilməlidir ki, orta əsrlərdə “saz” sözü əksər hallarda ümumiyyətlə musiqi alətlərinə aid edilirdi. Zaman keçdikcə bu söz aşıqların ifa etdiyi sazı ifadə etməyə başladı. Aşıq sənətinin bir çox türkdilli və digər xalqlar arasında geniş yayılmasına görə saz Qafqaz, İran, Əfqanıstan, Suriya, Türkiyə və Balkanları əhatə edən geniş bir ərazidə bir ad altında tanınan azsaylı çalğı alətlərindən biridir.

Beləliklə, bu musiqi aləti aşıq sənətinin vazkeçilməz atributudur. Ən maraqlısı odur ki, erməni aşıqlarının əksəriyyəti Azərbaycan dilində yaradıblar. Bu fakt bir çox erməni müəllifləri tərəfindən etiraf edilib. Məsələn, yazıçı Qazaros Ağayan qeyd edib ki, erməni aşıqları erməni deyil, Azərbaycan dilində mahnılar oxuyurlar. O, dastanların Azərbaycan dilindən erməni dilinə tərcümə olunmağa başladığını da iddia edib.

Daha çox Leo kimi tanınan erməni tarixçisi Arakel Babaxanyan qeyd edir ki, erməni aşıqlarının yaratdıqlarının yalnız kiçik bir hissəsini erməni ədəbiyyatına aid etmək olar, çünki onların əksəriyyəti (dastanlar) Azərbaycan dilində yaradılmışdır.

Folklor kolleksiyaçısı və naşir Qeqam Tarverdyan erməni aşıqlarından topladığı şeirlərin müəyyən hissəsinin tamamilə Azərbaycan dilində bəstələndiyini iddia edib. Ədəbiyyatşünas Mikael Nalbandyan isə qeyd edib ki, o, ermənilərin yaşadığı bir çox yerlərdə olub və həmişə sırf erməni dilində nəsə deyilənləri eşitməyə can atıb. Amma o bunu heç vaxt eşidə bilməyib. Ədəbiyyatşünas Qurqen Antonyan da oxşar fikri bölüşərək bəyan edib ki, erməni aşıqlarının nə mahnısı var, nə dastanı, bütün bunlar yalnız Azərbaycan dilindədir.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, saz musiqi aləti bu gün də Azərbaycan xalqının tarixi-mədəni irsinə aiddir. Axı erməni aşıqları bu alətdə Azərbaycan dilində əsərlər ifa edirdilərsə, məntiq diktə edir ki, onlar bunu azərbaycanlılardan, yəni sazın əsl sahiblərindən götürüblər. Bunu isə erməni müəlliflərin özləri də təsdiqləyirlər. Eyni sözləri təəsüf ki,  “Geqard” Elmi və Analitik Fondunun əməkdaşları haqqında demək olmaz.

Onlar gərək yuxarıda adıçəkilən Ağayanı oxuyardılar. Axı o, aydın və anlaşıqlı formada qeyd edir ki, “erməni dilində oxumaq fikri hələ bizim (erməni - red.) aşıqlarımız arasında yayılmayıb”. Görəsən, onda niyə Azərbaycan sazını mənimsəsinlər ki?

Müəllif: Asif Aydınlı