Peyvənd olunanlara hədiyyə, pulsuz taksi və yeyib-içmək

Cəmiyyət

08.07.2021 - 20:47

Bunun əksi halında isə: ya vaksin vurdur, ya da işdən azadsan!

 

Bu gün bəşəriyyəti yalnız bir problem narahat edir - XXI əsrin bəlası olan COVID-19. Bu virus qısa müddət ərzində insan həyatının bütün sahələrini sarsıdan bir vəziyyət yaratdı. Maliyyədən başlayaraq adi gündəlik həyata qədər hər şey iflic oldu.

 

Koronavirus qorxusu Azərbaycandakı bəzi müəssisələri (həm dövlət, həm də özəl) tabeliyində olanlara şərtlər qoymağa məcbur etdi: ya peyvənd olunun, ya da işdən azadsınız, peyvənd edilmədən işə gəlməyə icazə verilməyəcək.

 

Aşılamanın könüllü olmasını nəzərə alsaq, bu direktiv qəribə görünür. Bəlli olur ki, deyilənlərə baxmayaraq, peyvəndlənmə könüllü yox, məcburi-könüllüdür. Bəs hüquq baxımından belə direktiv nə dərəcədə qanunidir?

 

Vəziyyəti AYNA-ya şərh edən tanınmış vəkil Fuad Ağayevin sözlərinə görə, bu məsələyə ümumilikdə qanunvericilik nöqteyi-nəzərindən yanaşsaq, işçilərin işdən çıxarılması şərti müqabilində peyvəndlənməyə məcbur edilməsi qanunsuzdur: “Ancaq bir AMMA var. Nəzərə alınmalıdır ki, bu gün COVID-19 qurbanlarının sayı İkinci Qarabağ müharibəsi zamanı şəhid olanların sayından çoxdur. Yəni bu problem var və bizi həyəcanda saxlamağa davam edir. Üstəlik yaxın qonşumuzda koronavirusun üçüncü dalğası başlayıb”.

 

Hüquqşünas maraqlı bir təklif də verib: “Peyvənd ediləcək hər kəsin antitellərin olub-olmamasını yoxlamaq üçün test edilməsini təklif edirəm. Yəni insanlar aşılanmamış olsalar da, immunitetləri varsa, xəstəliklə mübarizə apara bilirlər”.

 

Ağayev hesab edir ki, hər halda bu məsələdə “zərər verməyin” prinsipindən çıxış etmək lazımdır.

 

Ancaq Avropa bu problemə yaradıcılıqla, deyək ki, daha kreativ və cəlbedici yanaşdı. Məsələn, Nim şəhərində (Fransa) aşılananlar üçün bir lotereya təşkil edildi, 250 avroya qədər hədiyyələr əldə edə bilərsiniz: səyahət biletləri, konsertlərə biletlər.

 

Slovakiya da kreativlik etdi. Peyvənd üçün dostlarını gətirənlərə 30-90 avro ödəmələr verilir və ya uduşları olan lotereya təşkil edilir.

 

Serbiya da qonşularından geri qalmaq istəmir. Aşılananlara 25 avro verilir. İşəgötürənlər əməkdaşlarına vaksinasiya qarşılığında bonus və nahar yeməyi, alış-veriş mərkəzlərinə hədiyyə çeki verirlər.

 

Romada isə bələdiyyə idarəsi aşılanmağa gedən, yaşı 80-dən çox insanlara pulsuz taksi təşkil edir.

 

Bəlkə də Azərbaycanda xarici təcrübədən istifadə olunmalıdır. Məsələn, bir taksiyə minin və pul vermək vaxtı gələndə “Sən öl, iynə vurdumağa gedirəm” deyin. Və ya peyvənd olunun və bir neçə yüz manatı qoyun cibinizə. Qəbul edirəm ki, bu, birmənalı səslənmir, amma həqiqətdir axı...

Müəllif: Fed Bakinski