Paytaxt sakinlərini karantin rejimində evlərindən zorla çıxarırlar – <font color=red> SÜRPRİZ</font>

Cəmiyyət

08.05.2020 - 15:14

Nazirlər Kabineti və Bakı Şəhər İcra Hakimiyyəti nə etdiklərinin fərqindədir?

 

Karantin rejiminin yumşaldılması, bir neçə ailədən başqa, demək olar ki, bütün Azərbaycan əhalisini məmnun etdi. Bəli, əziz oxucu! Biz yanılmadıq. Bu günün gəlişini paytaxtdakı bir neçə ailə qətiyyən arzulamırdı. Amma o gün gəldi.

 

Daimi oxucularımız yəqin ki, 5 aprel 2020-ci ildə saytımızda yayımlanan “Bakının bəzi sakinləri karantin rejiminin sonunu qorxu hissi ilə gözləyirlər” başlıqlı məqaləni xatırlayırlar. Məqalədə Nazirlər Kabinetinin 11 dekabr 2019-cu il tarixli qərarına əsasən Saraykina küçəsi 57 və Park döngə 6-dakı evlərin qəzalı elan edilməsi və sökülmə vəziyyətinə gətirilməsindən bəhs olunurdu. Belə ki, 12 dekabr 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov sakinləri bu evlərdən çıxarmaq qərarına gəlib.

 

O zaman sözügedən binaların sakinləri bizə başlarına gələnləri danışmışdılar. Onların sözlərinə görə, BŞİH-nin nümayəndələri koronavirus pandemiyasından dərhal sonra sakinlərin evlərindən çıxarılacaqlarını bəyan ediblər.

 

Bu günlərdə Saraykina küçəsi 57 və Park döngəsi 6 ünvanında yerləşən evlərin sakinləri yenidən AYNA-ya üz tutdular. Bildirdilər ki, BŞİH-nin Nəzarət və audit şöbəsinin müdiri Zülfəli İsmayılov karantinin tam götürülməsini gözləmir və "birbaşa vəzifələrini" həyata keçirməyə başlayıb: “Sakinləri elektrik enerjisi, qaz və su xətlərini bağlamaqla hədələyərək, mənzillərimizi bizə təklif olunan şərtlərlə tərk etməyimizi tələb edir. Onun şərtləri ilə razılaşmayanların zorla küçəyə atılacaqlarını bildirir” (Qeyd edək ki, BŞİH mənzillərin hər kvadratmetrinə 2500 manat təklif edir, sakinlər isə mənzillərinin daha baha olduğunu deyirlər).

 

Zülfəli İsmayılov isə AYNA-ya açıqlamasında sakinlərin ittihamlarını rədd etdi: “Mənə böhtan atanlara inanmayın. Bütün sakinlər könüllü olaraq mənzillərini bizə satmağa razılıq verdilər. Başa düşə bilmirəm ki, onlar nədən narazıdırlar? Axı, onlar artıq yeni mənzillər alıblar”.

 

Amma sakinlər İsmayılovu yalan danışmaqda ittiham edirlər. Məsələn, Saraykina küçəsi 57 ünvanındakı evin sakini Abbas Ağayevin sözlərinə görə, sakinlərin heç də hamısı mənzillərini satmağa razı deyil: “Təklif olunan şərtlərlə razılaşmadığım üçün mənzilimdə yaşamağa davam edirəm. Ən pisi odur ki, kirayəçilər karantin zamanı evlərini tərk etməyə məcbur olurlar. Köçürülmədən dərhal sonra mənzilləri sökməyə başlayırlar. Karantin rejimində yeni mənzilləri harada və necə ala biləcəklər?”.

 

BŞİH-nin təklif etdiyi şərtlərə artıq razılaşan sakinlərin də fikrini öyrənmək qərarına gəldik. Onlardan biri - Nərgiz Əliverdiyeva dedi ki, o, sadəcə mənzilini satmağa məcbur olub: “İcra hakimiyyətinin nümayəndələri qonşu mənzilləri sökdülər, mənimkini də sökəcəkləri ilə hədələdilər. Zülfəli İsmayılovun təklif etdiyi şərtlərlə razılaşmalı oldum”.

 

Baş verənləri AYNA-ya şərh edən vəkil Əsabəli Mustafayev hesab edir ki, karantin müddətində sakinlərin evlərindən çıxarılması yolverilməzdir: “Karantin rejimi zamanı ev sakinləri yeni mənzilləri necə axtarsınlar? Axı, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri vətəndaşların qarşısında nəinki hüquqi, həm də sosial məsuliyyət daşıyırlar”.

 

Zülfəli İsmayılovun addımları Nazirlər Kabinetinin və BŞİH-nin qərarları əsasında olsa da, insanları karantin vaxtı mənzillərindən çıxarmağın yolverilməz olduğunu unutmamalıyıq. Təsəvvür edin, gündəlik 3 saatlıq icazə ilə ev axtarmaq mümkündürmü? Bu suala, hər kəsdən öncə Nazirlər Kabinetinin və BŞİH-nin rəhbərlikləri cavab verməlidir.

Müəllif: Rəşad Rüstəmov