“Partiya seçkidə iştirak etmirsə, onun mövcudiyyətinin mənası qalmır”

Aktual

25.12.2023 - 10:34

Politoloq: “Siyasi partiya seçkilərə qatılmaqdan davamlı şəkildə imtina edirsə, o zaman ortaya sual çıxır – həmin təşkilat niyə mövcuddur?!”

2024-cü ilin 7 fevralında keçiriləcək növbədənkənar prezident seçkilərində əsas müxalif partiyalardan olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iştirakdan imtinası sosial şəbəkələrdə tənqidlərlə qarşılanıb. Bir çox vətəndaş hesab edir ki, müxalif partiyaların seçkiləri boykot etməsi doğru addım deyil. Əksəriyyətin qənaətincə hazırkı Prezident, növbədənkənar seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) yenidən namizədi olan İlham Əliyevin seçicilər arasında reytinqi çox yüksək olsa da, seçki prosesində müxalifətin namizədinin olması vacib idi. Çünki bu halda cəmiyyətdə siyasi aktivlik artır, dövlətin güclənməsinə səbəb olur.

Seçki prosesindən imtina edən qüvvələr isə hesab edirlər ki, ölkədə normal seçki mühiti yoxdur və bu halda seçkilərdə iştirak etməyin mənası yoxdur.

Politoloq Şahin Cəfərli mövzu ilə bağlı AYNA-ya deyib ki, müxalifət partiyalarının seçkilərdə iştirakdan imtina qərarına birmənalı qiymət vermək çətindir.

- Söhbət AXCP və Müsavat Partiyasından gedir. Şəxsən mən partiyaların bu qərarına nə doğru, nə də yanlış deyə bilərəm. Bir tərəfdən yanaşanda, siyasi partiyanın vəzifəsi hakimiyyətə gəlməkdir. Siyasi partiya o məqsədlə təsis olunur ki, ölkədə siyasi hakimiyyəti seçki yolu ilə ələ keçirsin, dövləti idarə etsin. Əgər siyasi partiya seçkilərə qatılmaqdan davamlı şəkildə imtina edirsə, o zaman ortaya sual çıxır – həmin təşkilat niyə mövcuddur?! Partiya olaraq seçkidə iştirak etmirsənsə, belə bir niyyətin də yoxdursa, o zaman sənin fəaliyyətin təbii olaraq, lazımsızlaşır. Bir partiya hakimiyyətə gəlməyi yalnız seçki yolu ilə həyata keçirə bilər. Digər yol təbii ki, qanunsuz və anti-konstitusion yoldur. Partiya seçkidə iştirak etmirsə, onun siyasi anlamda mövcudiyyətinin mənası qalmır.

Digər tərəfdən yanaşanda isə mövcud reallıqlar var. Söhbət ölkədə seçki mühitindən, seçkilərdə bərabər şəraitin yaradılması məsələsindən, seçki komissiyalarının tərkibindən və s. gedir. Seçkiyə qatılmaq istəməyən, prosesdən imtina edən qüvvələrin əsas arqumenti bunlardır. Ona görə deyirəm ki, birmənalı qiymət vermək çətindir. Lakin seçkidə iştirak etməməyin müxalifət üçün ziyanları var. Həmin ziyanlar da yuxarıda sadaladığım faktorlardır. Yəni hakimiyyətə gəlmək üçün, var olduğunu göstərmək üçün məncə, partiyaların seçkilərdə iştirakı lazımlıdır.

- İkinci prezident seçkisidir ki, namizədlə iştirak etməyən qüvvələr axı əvvəlki seçkilərdə iştirak ediblər. Sual ortaya çıxır, o zaman istədikləri mühit vardımı?

- Məncə, o dövrlərdə müxalif qüvvələrin seçkilərdə iştirak imkanları minimal da olsa, var idi. Söhbət təkcə seçki mühitindən getmir, həm də müxalif qüvvələrin minimal imkanlarından gedir. Məsələn, müxalifət partiyalarının əvvəllər az da olsa, maliyyəsi var idi. Namizəd gedib rayonlarda görüşlər keçirə bilirdi. Bakıdan da bir xeyli adam liderlə bərabər rayonları gəzirdi, təbliğat aparırdı. Yəni ki, müxalifətçilərin avtomobillərinə benzin töküb rayonlara getməyə, görüşlərdən sonra nahar etməyə pulları var idi. Eləcə də, rayonlarda seçicilərlə görüşlərə o qədər də əngəllər yaradılmırdı. Bakıda müxalifətin mitinq keçirməsi üçün şərait yaradılırdı və s. İndi təbliğatın müddəti azaldılıb, müəyyən maneələr yaradılır.  Eyni zamanda, müxalif qüvvələrin maliyyəsi yoxdur. Minimal resursları belə qalmayan müxalifət görünür seçki prosesinə həm də bu məsələyə görə qoşulmamaq qərarı verdi. Açıq deyək, müxalifətin bütün ölkə ərazisini gəzməyə, təbliğat aparmağa pulu yoxdur. Üstəlik, buna imkan verən də yoxdur.

- Yəni ki, mövcud olduğunu göstərmək üçün partiya bütün hallarda seçkidə iştirak etməlidir...

- Yenə deyirəm, bir tərəfdən, siyasi partiyanın borcudur ki, seçkilərdə iştirak etsin. Seçkiyə qatılmırsa, onun mövcudluğuna da ehtiyac yoxdur. Digər tərəfdən də mövcud reallıqlara nəzər salmaq lazımdır ki, bu zaman biz görürük ki, müxalifətin seçki kampaniyası aparmaq, bu yarışda iştirak etmək üçün minimal imkanları yoxdur.  

Bütün hallarda, “seçkilərdə müxalifət iştirak etməlidir” deyənlərin də, “iştirak etməməlidir” deyənlərin də arqumentlərində haqlı məqamlar tapmaq mümkündür.

Müəllif: Anar Bayramoğlu