Orxan Bahadırsoy: “Gələcək nəsillərin fərqli şərhlərə, müxtəlif baxış bucaqlarına, yaradıcı təhlilə ehtiyacı olacaq”
Viruslar müxtəlif laboratoriyalarda elm adamlarının təcrübələrindən keçir və insanların bu viruslardan qorunması, müalicə olunması üçün müxtəlif araşdırmalar aparılır. Lakin bəşərin yeganə laboratoriyası elmi laboratoriyalar deyil. Bədəni sağlam qılmağa adanmış bu laboratoriyalarla yanaşı, ruhu sağlam qılmağa adanmış sənət laboratoriyaları da mövcuddur.
AYNA “Koronavirus pandemiyası sənət adamlarının gözü ilə” mövzusunda yazılara davam edir. Mövzu ilə bağlı növbəti müsahibimiz şair, yazıçı-daramturq Orxan Bahadırsoydur. Və o, artıq bu mövzuda bir hekayə yazıb.
“Hələ mart ayında koronavirus mövzusunda “Tac kimindir” adlı bədii-publisistik hekayə yazdım və yayımlandı. Pandemiya ilə bağlı müəyyən mətləblərə bu hekayədə toxunmuşam. Lakin pandemiya ilə bağlı ciddi informasiyanın məhdud olduğunu, eyni zamanda əlimizdə olan çeşidli informasiyaların bir-birini təkzib etdiyini və günbəgün daha çox yeni informasiyalar aldığımızı nəzərə alsaq, mövzu ilə bağlı indi daha çox təsəvvürüm və fikrim var. Bu baxımdan, hesab edirəm ki, koronavirus mövuzusunda yazılacaq hər hansı ciddi ədəbi nümunə üçün indidən fikir bildirmək tezdir. Zaman-zaman hələ çox mətləblərdən agah olacağıq və bunların hər biri yazılıb tarixdə qalmalıdır”, - deyir müsahibimiz.
Bahadırsoy pandemiyanın yaratdığı psixoloji sarsıntıların hər bir yazıçı üçün xammal olduğunu vurğulayıb: “Ümumiyyətlə, pandemiya dövrünün iqtisadi problemlərindən daha çox insan psixologiyasına mənfi təsiri və bunun gələcək fəsadları işlənməsi vacib materialdır. Günümüzün ədəbiyyat adamlarının hər birinin yaradıcılığında pandemiya mövzusunda əsərlər yer almalıdır. Biz Şekspirin əsərlərində konkret vəba mövzusuna rast gəlmirik, amma “Kral Lir”də də, “Romeo və Cülyetta”da da vəbanın fəsadları var. Onunla eyni dövrdə yaşayıb-yaratmış Tomas Deker, Ben Consonun pyeslərində vəba mövzusu daha geniş şəkildə işlənilib. Alber Kamyunun “Taun” əsərindən taun haqqında geniş təsəvvürümüz yaranıb. Bu pandemiya da eyni ilə bu cür bizim tərəfimizdən müxtəlif forma və məzmunlarda işlənilməli və tarixdə qalmalıdır ki, bu gün virtual platformalar gələcək üçün rəsmi məlumat arxivinə çevrilsə belə, gələcək nəsillərin daha geniş təsvirə, fərqli şərhlərə, müxtəlif baxış bucaqlarına, yaradıcı təhlilə ehtiyacı olacaq”.
Yazıçı, pandemiya tamamilə bitdikdən sonra onu tam əhatə edən bir əsər yazmaq istədiyini bildirib: “Mən pandemiyanın yaratdığı psixoloji sarsıntılar, ruhi-əsəb problemləri, siyasi oyunlar, insanın maddi və mənəvi iflası, yeni dünyaya keçid, bəşər tarixinin yeni mərhələsi, nəsillərarası savaş və digər bu kimi birbaşa pandemiya ilə əlaqəli olan məsələlərin hamısını əhatə edən geniş bir əsər yazmaq istəyirəm. Bunun üçün pandemiyanın tamamilə bitməsini gözləyirəm ki, yazacağım əsər tam tarixi faktlara söykənsin. Janrını indidən müəyyən edə bilmərəm, amma burada olduqca fərqli, müxtəlif, hər yaşdan, hər təbəqədən olan insan talelərindən bəhs etmək istəyirəm. Unutmamalıyıq ki, bu pandemiya hər nə qədər yeni dünyaya keçid, yeni mərhələ kimi dəyərləndirilsə də, insan taleyi üzərində oynanılan irimiqyaslı siyasi oyundur və insanın siyasi güclər üçün necə oyun ləvazimatına çevrilməsini, məhz koronavirus sayəsində olduqca aydın şəkildə izah etmək mümkündür”.