Monitorinqlər zamanı toy şənliklərində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 12-də Bakı şəhərində və respublikanın digər ərazilərində 65 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər 61 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Eləcə də 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 619 nəfər toy şənliklərinə buraxılmayıb.