Nicat Gözəlov: “Ortada gəzən şayiələr Operativ Qərargahın qərarlarındakı ziddiyyətlərdən qaynaqlanır”
“Nazirlər Kabineti yanında Operativ Qərargahın işi Nazirlər Kabinetinə müəyyən qərarların qəbul edilməsi üçün tövsiyələr hazırlamaqdır. Həm Qərargahın, həm sahə üzrə ixtisaslaşmış həkimlərin, həm də Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələrə əsasən, tədbirlər həyata keçirilir və bu tədbirlərin qanuniləşdirilməsindən ötrü qərarlar qəbul edilir. Nazirlər Kabinetinin indiki vəziyyətdə qərarlar qəbul etməyə səlahiyyəti çatır. Baxmayaraq ki, məhdudlaşdırıcı tədbirlərin bir çoxu Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən müddəalara uyğun deyil, amma insanların sağlamlığı baxımından bu qərarlara əməl etməyə məcburuq. Lakin mərkəzi icra hakimiyyəti orqanının qərarının Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı istənilən vətəndaş məhkəmə iddiası qaldıra bilər. Bu, məsələnin hüquqi tərəfidir”.
Bunu AYNA-ya açıqlamasında hüquqşunas Nicat Gözəlov deyib. O, son zamanlar virusa yoluxmaların artması məsələsinə də toxunub: “Statistikaya baxsaq, Azərbaycanda əvvəllər 20-30 gün ərzində yoluxanların ümumi sayı 200-300 nəfər idisə, artıq bu rəqəm hər gün üçün 200-250 nəfər təşkil edir. Bu, nə ilə bağlıdır? Əgər, pandemiyanın bundan sonrakı vəziyyətinin daha kəskin forma alacağı hesab edildirsə, o zaman niyə yumşaldılırdı? Yumşaldılırdısa, Bakı və digər rayonlar arasında insanların maska taxıb hərəkət etməsi ilə ziddiyyət yox idisə, maska taxmaqla virusun yayılmasının qarşısı alınacaqdısa, gediş-gəliş məhdudiyyətləri niyə aradan qaldırılmadı? Bu qərarların da bir-birinə ziddiyyətli olması Operativ Qərargahda oturan bəzi şəxslərin məsələyə həm elementar məntiqlə, həm də hüquqi məntiqlə yanaşmamasından irəli gəlir”.
Mərahim Nəsib
Pin up casino Pin-up casino giriş