Öncə gümrahlıq illüziyası, sonra aqressiya, ardınca ölüm – Amma xilas yolu var

Cəmiyyət

02.03.2022 - 19:16

Reabilitasiya Mərkəzinin direktoru: “Qızlar arasında da narkotik aludəçisi olanların sayı az deyil və onlar öz sevgililərini də narkotikə qurşandırırlar”

Narkomaniya təkcə narkomanların və onlara yaxın olanların həyatını məhv etmir. Bunun səhiyyə sisteminin yükünün artması və təbii ki, cinayətin artması kimi cəmiyyət üçün bir sıra mənfi nəticələri var. Bu günlərdə Abşeron rayonunun Qobu kəndində baş verən qətliam ölkəni şoka salıb - kişi hamilə arvadının boğazını kəsib. Onu ömürlük həbslə hədələyiblər, lakin məhkəmə onu anlaqsız psix hesab edib, çünki o, narkotik aludəçisi olub. Nəticədə qatil məcburi müalicəyə göndərilib.

Ötən il Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 6490 nəfər müəyyən edilib. Onların 36,8 faizi əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdir. Təqsirkarların 98,7 faizi cinayət məsuliyyətinə cəlb edilib, 1,3 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Ölkədə getdikcə daha çox narkoman əmələ gəlir və bu, narahatlıq doğurmaya bilməz. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov mətbuata açıqlamasında deyib ki, əgər 2019-cu ildə ölkədə qeydiyyatda olan narkomanların sayı 32 921 nəfər, 2020-ci ildə isə 33 788 nəfər olubsa, 2021-ci ilin sonunda bu rəqəm 34 602 nəfərə çatıb.

Statistikaya görə, narkoman olan qadınlar və yeniyetmələrin sayı kişilərdən qat-qat azdır. 2019-cu ildə 641 narkoman qadın və 9 uşaq, 2020-ci ildə 618 qadın və 9 uşaq, 2021-ci ildə isə 566 qadın və 14 uşağın narkomaniyaya yoluxma faktı qeydə alınıb.

Ötən il qeydiyyatdan çıxarılanların sayı 4789 nəfər olub, onlardan 4530 nəfəri dispanser, 259 nəfəri isə profilaktik qeydiyyatda olub. Təbii ki, rəsmi statistika real rəqəmlərdən uzaqdır, çünki bir çox narkoman müalicəyə üçün müraciət etmir.

İndi narkomanlar arasında ən populyarı amfetamin və onun törəmələri - sintetik narkotiklərdir ki, onlara da el arasında "patı" və ya "şüşə" deyilir.

Narkoloqlar xəbərdarlıq edirlər: narkoman nə qədər tez kömək istəsə, onun asılılıqdan qurtulma ehtimalı bir o qədər yüksəkdir. Müxtəlif üsullar və reabilitasiya proqramları var, burada əsas olanı narkomanın narkotik maddədən istifadəni dayandırmaq istəyidir. Amma onların az bir qismi özlərini narkoman hesab edir, istədikləri vaxt buraxa biləcəklərini deyirlər.

Narkomanların qeyri-medikamentoz müalicəsi ilə məşğul olan “Şəfəq” Reabilitasiya Mərkəzinin direktoru Murad Məmmədovun AYNA-ya dediyinə görə, narkomanların sayının artması narkotiklərin əvvəlkindən xeyli əlçatan olması ilə bağlıdır: “Son vaxtlar bəzi xəstələrin qeyd etdiyi kimi, narkotiklərin qiyməti xeyli aşağı düşüb. Yəqin ki, çoxları hətta məktəblərdə də narkotiklərin satıldığı barədə məlumat görüb. Onları həm də arıqlamaq və gümrah qalmaq vasitəsi kimi reklam edirlər”.

Həmsöhbətimiz söyləyib ki, insanlar müxtəlif səbəblərdən narkotik maddə aludəçisi olurlar: “Xüsusən də bu, uşaqlıq travması ilə bağlı ola bilər. Hər kəsin kimyəvi aludəçiliyinin öz tarixi var. Bəziləri üçün bu, sevginin olmaması, bir növ subkulturaya aid olmamasıdır. Amma işsizlik, bəyənilməyən iş, istəmədiyim qız, arzuladığım maşının olmaması və sair - bunlar hamısı bəhanədir”.

“Narkotiklərdən istifadə təkcə güclü cinsin nümayəndələri üçün xarakterik deyil. Qızlar arasında narkotik aludəçisi olanlar da az deyil ki, tez-tez sevgililərini də narkotikə cəlb edirlər. Əsasən "patı" istifadə edirlər - 10 xəstədən 8-i istifadə edir. Çox tez öyrəşirlər. “Patı” artan faəllıq və gümrahlıq illüziyasını verir. Doğurdan da belə bir dərmanı istifadə edən şəxs daha çox iş görə bilər, ancaq müəyyən bir nöqtəyə qədər. Sonra gün gəlir ki, heç nə edə bilmir, yəni dibə çatır. Onda aqressivlik yaranır, hər şeydən şübhələnir, özünü pis hiss edir”, - deyə Məmmədov vurğulayıb.

Onun fikrincə, narkotik aludəçisi olan insanlara bu bəladan çıxış yolu olduğunu anlatmaq vacibdir: “Eyni zamanda, hətta narkomanların özlərini deyil, onların ailə üzvlərini, xüsusən də valideynlərini məlumatlandırmaq lazımdır. Nəinki aludəçini “lomka”dan xilas etmək, həm də insanı bu yola sövq edən səbəblərlə mübarizə aparmaq lazımdır. Yalnız bu vəziyyətdə müalicə effektiv olacaq. Reabilitasiya proqramlarına narkomaniyadan əziyyət çəkmış, lakin ondan qurtula bilən və indi başqalarına kömək edə bilən şəxslər də cəlb edilməlidir”.

Müəllif: Elya Belskaya