Nazir maaşların artırılmasının əleyhinədir: "Pulu nə qədər çox versək..." - MÜZAKİRƏ

İqtisadiyyat

25.05.2022 - 17:42

Ötən ilin dövlət büdcəsinin icrası Milli Məclisin komitə iclasında müzakirə olunub

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasın gündəliyinə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyi daxil edilib. İclasda maliyyə naziri maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Statistika Komitəsinin sədrinin müavini Yusif Yusifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iştirak ediblər.

Nazir: "Nəzərdə tutulduğundan daha yüksək inflyasiya oldu"

Nazir S.Şərifov bildirib ki, 2021-ci il sosial-iqtisadi baxımdan Azərbaycan üçün uğurlu il olub. Onun sözlərinə görə, pandemiyaya qarşı geniş vaksinasiyanın həyata keçirilməsi və məhdudiyyətlərin tədricən aradan qaldırılması məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində mümkün olub: "Ümumdaxili məhsulun real artım səviyyəsi 2021-ci ildə nəzərdə tutulduğundan xeyli çox olub".

Nazir bildirib ki, neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulanla müqayisədə 70 faizdən yüksək olub: “Bu, icmal büdcənin kəsirsiz icra olunmasına münbit şərait yaradıb. Ötən il sabit milli valyutanın məzənnəsi şəraitində ölkəmizin iqtisadi inkişafına mənfi təsirlər də var idi. Bu təsirlər əsasən xarici faktorlarla bağlı idi. Söhbət inflyasiyanın artmasından gedir. Bizim ölkəmizdə də nəzərdə tutulduğundan daha yüksək inflyasiya səviyyəsi oldu. İnflyasiyanın artmasının əsas səbəblərindən biri də ərzaq məhsullarının qiymətinin dünya səviyyəsində artmasıdır. Cari ildə də proses təəssüf ki, davam edir və hətta daha da kəskinləşib”.

Samir Şərifov xərclər barədə məlumat verdi

"Ötən il Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərclərinə 4 milyard 542 milyon manat vəsait ayrılıb. Bu da əvvəlki ildən 21 faiz və ya 787 milyon manat çoxdur. Azərbaycanın müdafiə və təhlükəsizlik qabiliyyətinin artırılması Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilib. Koronavirus pandemiyası ilə mübarizəyə 807 milyon manat vəsait xərclənib. Ötən il pandemiya ilə mübarizəyə 261 milyon ayrılsa da, bu məbləğ kifayət etməyib. Pandemiya ilə mübarizə üçün əlavə olaraq həm dövlət büdcəsinin ehtiyat fondundan 266 milyon manat, icbari tibbi sğorta fondundan 280 milyon manat ayrılıb. Ayrılmış vəsait əsasən vaksinlərin və müvafiq tibbi avadanlıqların alınmasına, həkimlərə, könüllülərə xüsusi ödənişlərə və digər tibbi xərclərə sərf edilib. Ötən il işğaldan azad edilmiş şəhərlərin baş planlarının hazırlanması üçün 25 milyon manat vəsait ayrılıb. 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş göstəricinin 99 %-nə bərabərdir", - deyə S.Şərifov vurğulayıb.

Nazir müavini: “Misli görünməmiş inflyasiya təzyiqləri yaranıb”

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə çıxışında bildirib ki, hesabat ilində bəzi uğursuzluqlar qeydə alınıb: "Yüksək, misli görünməmiş inflyasiya təzyiqləri yaranıb. Bizim proqnozlara nisbətən inflyasiya daha yüksək oldu. Beynəlxalq təşkilatların proqnozlarında inflyasiyanın 2021-ci ildə ən yüksək həddə çatacağı bildirilirdi. 2022-ci ildə inflyasiyanın pandemiyadan əvvəlki həddə qayıdacağı proqnozlaşdırılsa da, bu, baş vermədi. Dünyanın müxtəlif yerlərində iqlim dəyişiklikləri, Rusiya-Ukrayna müharibəsi, ərzaq məhsullarının qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxarıb. Azərbaycanda baş verən yüksək inflyasiya da əsasən, idxal inflyasiyası ilə izah oluna bilər”.

“Ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq proqramlaşdırma işi gedir”, - deyən nazir müavini söyləyib ki, bu inflyasiya ilə əlaqədar xüsusi proqramdır: “Nazirlər Kabineti tərəfindən fevral ayında antiinflyasiya tədbirləri ilə bağlı sərəncam imzalanıb. Burada bəzi məsələlər artıq öz həllini tapır. Kredit faizləri ilə bağlı məsələlər bu qəbildəndir. Bank sektoru iqtisadi inkişafa öz təsirini göstərməlidir. Dövlət kreditlərin aşağı faizlərlə verilməsi üçün müdaxiləsi edəcək. Bununla əlaqədar yeni mexanizm tətbiqi ilə bağlı təkliflər vermişik və təkliflər artıq təsdiq olunub. Kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə kredit verilməsinə dövlət dəstək olacaq. Güman edirik ki, bu bizim antiinflyasiya tədbirlərinə öz töhfəsini verəcək”.
Nazir müavini qeyd edib ki, ərzaq məhsulları idxal edənlərə subsidiyalarla güzəştli kreditlərin verilməsi mexanizmləri hazırlanır.

İnflyasiyadan sui-istifadə, işsizlik... 

Müzakirə zamanı deputatlar irad və təkliflərini səsləndiriblər.  Millət vəkili Vahid Əhmədov bildirib ki, Azərbaycanda infilyasiya ilə bağlı rəqəmləri yoxlamağa ehtiyac var: "Daxildə bizim kifayət qədər problemlərimiz var. İqtisadiyyat Nazirliyi bu istiqamətdə xeyli işlər görür, amma kifayət deyil. Azərbaycanda gündəlik təlabat mallarının qiymətlərinə yenidən baxılmalıdır. İnflyasiyadan sui-istifadə edənlər var".

"Daha bir məsələ işsizliklə bağlıdır. İşsizlikdən şikayətlər çoxdur. Mənə əsasən sosial müdafiə ilə bağlı şikayətlər daxil olur. Bu gün ən ciddi məsələ iş yerləri ilə əlaqədardır. Çox böyük işlər görülür. Ancaq Quba, Şəki, Xaçmaz bölgəsinə baxaq və görək işsizlik nə yerdədir. Niyə biz o bölgələrdə sənaye parkları açmırıq? Qubada Azad İqtisadi Zona da yaratmaq olar. Xahiş edirəm ki, həmin bölgələrdə işsizliklə bağlı məsələyə baxılsın”, - deputat bildirib.

Deputat: “Dövlət şirkətləri özəlləşdirilməlidir”

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Azərbaycan büdcəsinin dövlət şirkətləri tərəfindən səmərəsiz şəkildə istifadə edilməsinin qarşısının alınmalı olduğunu deyib: "Bu, çox vacibdir. Dövlət şirkətlərinin özəlləşdirilməsinə gedilməlidir. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqinə büdcədən kifayət qədər vəsait ayrılıb. Təklif edirəm ki, orqan transplantasiyası ilə bağlı da büdcədən vəsait ayrılsın. Bu əməliyyatlar kifayət qədər bahalıdır. Hər dəfə həkimlərə seçicilərin problemi ilə bağlı müraciət etmək olmur”.

“Büdcədən kinoya ayrılan pula ancaq cizgi filmi çəkmək olar”

“Kino sahəsinə büdcədən 5-6 milyon manat pul ayrılır. Halbuki bütün dünyada bu sahəyə daha çox pul ayrılır və kinodan qazanc 40-60 faiz artıqlaması ilə qayıdır. Təbii ki, keyfiyyətli kinodan söhbət gedir", - deyən deputat Rüfət Quliyev söyləyib ki, bu məsələyə diqqət artırılmalıdır: "Mən demirəm ki, vəsait elə-belə ayrılsın. Vəsait verilsin və bunun nəticəsi tələb edilsin. Bizim büdcədən ayrılan 5-6 milyon manata ancaq cizgi filmi çəkmək olar”.

"Bu gün inflyasiya böyük problemdir. Təklif edirəm ki, inflyasiya ilə bağlı xüsusi proqram yaradılsın. Biz kənd təsərrüfatının daha sürətlə inkişafı üçün çalışmalıyıq. Kənd təsərrüfatının özümüzün istehlak məhsullarımızı qarşılamasına nail olmalyıq”, - deyə R.Quliyev əlavə edib.

Deputat: ""Azərsu" ilə mütəmadi məktublaşırdıq"

Deputat kredit faizlərinin yüksək olmasından danışarkən vurğulayıb ki, inflyasiyanın qarşısını almaq üçün kiçik və orta müəssisələrin açılması lazımdır: "Bu da birbaşa maliyyə ilə bağlıdır. Bu, yüksək faizlərlə kreditlərlə mümkün olmur. İçməli su problemi də həll edilməlidir. Lənkəranın 2 kəndində insanlar susuz qalıb, “Azərsu” ilə mütəmadi məktublaşırdıq. Onlar deyir ki, vəsait yoxdur. Həmin kəndlərdə şəhid ailələri və qazilər də yaşayır”.

Millət vəkili onu da təklif edib ki, Hesablama Palatası qanunsuzluqlar edən dövlət adamları, şirkət, müəssisə rəhbərləri barədə məlumatları hüquq-mühafizə orqanlarına təqdim edildikdən sonra hansı tədbirlərin görülməsi barədə ictimaiyyəti məlumatlandırsın.

Nazir: "Neftin qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilmir. İnflyasiyanı da proqnozlaşdıra bilməmişik"

Daha sonra maliyyə naziri deputatların təklifləri ilə bağlı fikirlərini bildirib. Proqnozlara dair iradlara cavab verən S.Şərifov deyib ki, proqnozlar sahəsində olan problemlər son 2 ildə aktiv şəkildə müzakirə edilir: "Son 2 il proqnozlaşdırma baxımından ağır illərdir. 2020-ci ildə koronavirus böyük qlobal bəlaya çevrildi. Nəticədə 2020-ci ildə proqnozlarımızı dəyişməyə məcbur qaldıq. 2020-ci ildə pandemiyanın nə vaxt başa çatması böyük qeyri-müəyyənlik doğururdu. Digər tərəfdən, 2021-ci ildə başqa proseslər baş verdi. İlk olaraq, tələb və təklif arasında olan natarazlıq özünü biruzə verməyə başladı. Sonradan indiki “ərzaq böhranı” kimi adlandırılan problemin ilkin əlamətləri artıq 2021-ci ildə formalaşmağa başladı. Biz büdcə proqnozu verəndə risk faktorlarını qeyd edirik. Bunlar büdcədə nəzərdə tutulan proqnozların tam icra edilməməsi ilə bağlı risk faktorlarıdır". 

Neftin də qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilmir. Neftin qiymətinin aşağı götürülməsi siyasəti bundan sonra da davam etdiriləcək. Biz bununla sığortalana bilərik", - deyə S.Şərifov qeyd edib.

“Keçən il üçün proqnozumuzda inflyasiya 3 faiz idi, amma faktiki 6 faizdən çox olub. İnflyasiyanı proqnozlaşdıra bilməmişik. Dünyada heç kim onu proqnozlaşdıra bilməyib. İnflyasiyanın nəzərdə tutulduğundan 2 dəfə artıq olmasının təsirini görürük. Xarici malların qiyməti artıb, gömrük orqanlarının yığımları da artıb. “ƏDV geri al” sistemi üzrə 138 milyon manat vəsait il ərzində qaytarılıb. Bu da şəffaflaşmanın nəticəsidir. Dövriyyə şəffaflaşır. Proqnozlaşdırma ilə bağlı müzakirələrə hazırıq", - deyə nazir bildirib.

Nazir: “Pulu nə qədər çox versək, inflyasiya azalmayacaq, artacaq”

“Xaricdən gələn inflyasiyanın təsirini hansısa formada azaltmaq çətindir. Daxili mənbələrdən buna təsir göstərə bilərik. Cari ildə bunun qarşısını almaq üçün addımların atılması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığı ilə cari ildə bütün sektorlar üzrə əməkhaqlarının artırılması həyata keçirilib. Biz bunu sonsuz edə bilmərik, çünki inflyasiyanı sürətləndirən amillərdən biri də pul kütləsinin artmasıdır. Biz pulu nə qədər çox versək, bu, inflyasiyanın azalmasına gətirib çıxarmayacaq, əksinə, artıracaq”, - deyə nazir qeyd edib.

"Qaz üzrə qiymətləri 2 dəfəyə qədər artırdıq, amma bu, indi dünyada qazın qiyməti ilə müqayisədə çox aşağıdır"

Dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsinə gəlincə, S.Şərifov deyib ki, müəssisələri dərhal özəlləşdirməklə heç nəyə nail olunmayacaq: "Bizdə tarif sahəsində çox ehtiyatlı siyasət aparılır. Çalışılır ki, tariflər kəskin surətdə artmasın. Dövlət büdcəsindən bu tariflərdə olan fərq bağlanılır. Ötən ilin əvvəlində bir çox neft məhsulları üzrə liberallaşdırmaya getdik. Biz faktiki olaraq qaz üzrə qiymətləri 2 dəfəyə qədər artırdıq, amma bu, indi dünyada qazın qiyməti ilə müqayisədə çox aşağıdır. Hökumət bu məsələlərdə çox ehtiyatla davranır”.

Müzakirələrdən sonra layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Müəllif: Anar Bayramoğlu