“Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlandı

İqtisadiyyat

16.01.2020 - 12:13

Hasilatın pay bölgüsündə 50 faiz BP-yə, 50 faiz SOCAR-a məxsusdur

 

SOCAR və BP şirkətləri elan edir ki, 13 yanvar tarixində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb. Bu barədə AYNA-ya BP şirkətinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, BP “Şəfəq-Asiman” üzrə hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) operatordur və 50% iştirak payına malikdir. Digər 50%-lik iştirak payı isə SOCAR-a məxsusdur.

 

“SAX01 quyusu bu müqavilə sahəsində qazılacaq ilk quyudur və 2011-ci ildə Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilmiş HPBS çərçivəsində BP-nin öhdəliklərinə uyğundur. Bu quyunun ümumi dərinliyinin 7000 metrə çatacağı planlaşdırılır, qazma işlərinin isə təxminən doqquz ay davam edəcəyi gözlənilir. Bundan sonra quyunun göstəriciləri analiz ediləcək və analizin göstəriciləri uğurlu olduğu təqdirdə nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər”, - şirkətdən qeyd olunub.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Bir müddət əvvəl biz tərəfdaş BP şirkəti ilə birlikdə “Şəfəq-Asiman” strukturunda seysmik kəşfiyyat işlərini uğurla başa çatdırdıq. İndi növbəti mərhələyə qədəm qoyaraq, kəşfiyyat quyusunun qazılmasına başlayırıq. Kəşfiyyat qazması strukturun potensialının tam dəqiqləşməsinə imkan yaradacaq. Qürurla deyə bilərik ki, bu gün “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Şəfəq-Asiman” kimi mürəkkəb layihələr çərçivəsində qazma işlərindən tutmuş dərin özüllərin inşasına kimi bütün əsas xidmətlər məhz Azərbaycan şirkətləri, SOCAR-ın müəssisələri tərəfindən həyata keçirilir. Bu da müstəqillik dövründə Azərbaycan neftçilərinin qazandığı ən mühüm nailiyyətlərdən biridir.”

 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz deyib: “Biz “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu dəniz blokunun irimiqyaslı qaz ehtiyatlarının kəşfi üçün xeyli potensialı var. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün böyük hazırlıq işləri aparılıb.”

 

SAX01 quyusu “Caspian Drilling Company” (CDC) tərəfindən idarə olunan Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Təzyiqi tam idarə etməklə qazma imkanları olan bu qurğu 2019-cu ilin noyabr ayında SAX01 quyusu üçün müqavilə əsasında götürülüb və sonra qazma əməliyyatlarının başlanmasına hazırlıq aparmaq üçün quyu sahəsinə göndərilib.

Müəllif: Ayna.az