Namizədlərin seçki şüarları və vətəndaşların prosesə inamsızlığı: “Təkcə vədlərlə iş aşmır”

Aktual

19.01.2024 - 14:10

Politoloq: “Vətəndaşın seçkiyə marağı, inamı olmalıdır ki, sonra namizəd arasında seçim etsin, ən yaxşısına səs versin”

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasının dördüncü günüdür. Yanvarın 15-dən etibarən seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılıb. Kampaniya səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Təşviqatın aparılması fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

Xatırladaq ki, növbədənkənar prezident seçkilərində 7 namizəd mübarizə aparır. Onlar hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının (MCP) prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının (BQP) prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının (BAP) prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.

Kampaniya çərçivəsində namizədlər artıq iki dəfə İctimai Televiziyada ödənişsiz efir vaxtından istifadə ediblər. Bu gün namizədlərin televiziyada üçüncü teledebatı keçiriləcək.

Təbliğat kampaniyasının başlamasından bir neçə gün keçsə də, cəmiyyətdə seçki aktivliyi o qədər də müşahidə olunmur. Ekspertlər bunun obyektiv və subyektiv səbəblərinin olduğu qənaətindədirlər.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy AYNA-nın suallarını cavablandırarkən deyib ki, Azərbaycandakı seçki tarixini, seçki mühitini bugünkü seçki mühiti ilə müqayisə edəndə indiki seçki mühiti ab-havasını yetərincə güclü görmür:

- Hesab edirəm ki, çox sakit, durğun bir seçki prosesi var. Sanki ölkədə seçki kampaniyası getmir. Başqa ölkələrdə seçkilərin tarixi açıqlanandan sonra cəmiyyətdə ciddi hərəkətlilik müşahidə olunur. Amma Azərbaycanda bunu müşahidə etmirik.

- Prezidentliyə namizədlərin seçki şüarlarını necə qiymətlənidirirsiniz?

- Şüarlara baxanda görürük ki, birinci məqam Qarabağ məsələsi və qələbənin üzərində prosesin aparılmasıdır. Şüarlarda daha çox üstünlük “Qalib xalq”, “Qalib Azərbaycan”dır. Bu ritorikanın Prezident İlham Əliyevə alternativ namizəd olan şəxslərə uğur gətirəcəyini zənn etmirəm. Azərbaycan müstəqillik əldə etdikdən bu yana keçirilən bütün seçkilərdə Qarabağ münaqişəsi, işğalda olan ərazilərin azad olunması əsas mövzu olub. Namizədlərin təməl öncəliyi Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası fonunda olub. Fevralın 7-də keçiriləcək seçkilərin kampaniyası təmin olunmuş ərazi bütövlüyünün üzərinə qurulub. Bunun Prezident İlham Əliyevin seçki kampaniyası üçün uğurlu olduğu bəllidir. Digər namizədlər üçün nə qədər uğurlu ola bilər?! Məsələ burasındadır ki, Qarabağ İlham Əliyevin hakimiyyəti dövründə azad edilib. Məncə, digər namizədlər Qarabağın azadlığından, ərazi bütövlüyünün bərpasından sonrakı Azərbaycan barədə ideyalarını şüarlarında, çıxışlarında istifadə etməlidirlər.

- Yeni ideyalar, yeni şüarlar nə olmalıdır?

- Yəqin ki, iqtisadi, sosial sahədəki vəziyyətlə bağlı namizədlər cəmiyyətə mesajlar ötürə bilərlər. Bu sahələrdəki çətinlikləri necə aradan qaldırmaları ilə bağlı seçicilərə vədlər verməklə müəyyən qədər səs qazanmaları mümkündür. Əsas məsələ isə cəmiyyətin seçkilərə münasibətində dəyişiklik etməkdir. Bizim cəmiyyətdə seçkilərlə bağlı daşlaşmış yanaşma var. Azərbaycan insanı seçkilərdə iştiraka meylli deyil, seçkilərin onun həyatına təsir edəcəyini düşünmür, buna inanmır. Hesab edirəm ki, namizədlər bu yanaşmanı dəyişməyə çalışmalıdır. Təkcə vədlərlə də iş aşmır.

- Cəmiyyətin seçkilərə inamsızlığının səbəbi nədir?

- Azərbaycan cəmiyyətində seçkilərə yanlış yöndən yanaşmasının tarixi səbəbləri var, müstəqillik dövrünün neqativ təcrübələri var. Bugünkü siyasi arenada boykotun ciddi güc qazanması halı var. Artıq siyasi boykot bir iştirak modelinə, seçimə, mövqeyə çevrilib. Bütün bunlar cəmiyyətin seçki institutuna neqativ yanaşmasını formalaşdırır. Bizdə seçkilərə insanlarımızın laqeydliyi mövcuddur, seçkiləri önəmsəmirlər. Hərənin özünə görə haqlı səbəbi ola bilər. Amma səbəbindən asılı olmadan seçkilərdə iştirak, səsvermədə iştirak vacibdir.

- Bu yanaşmanı necə dəyişmək olar?

- Birincisi, siyasi qüvvələr seçkilərdə iştirak etməlidirlər, boykot düzgün yol deyil. İkincisi, vətəndaşlarımız yaşamlarının siyasətdən birbaşa asılı olduğunu dərk etməlidirlər. Bunun üçün birinci səsvermə məntəqələrinə gedilməlidir. Fərqi yoxdur kimə səs verirlər, yetər ki, prosesdə iştirak etsinlər. Səsvermədə iştirak Azərbaycan insanının önəmsəməli olduğu məsələdir. Xarici ölkələrdə səsvermədə insanların necə aktiv olduğunu görürük. Çünki xarici ölkələrdə seçki institutu formalaşıb. Həmin ölkənin vətəndaşları bilir ki, ərzağın qiyməti, təhsilin keyfiyyəti, səhiyyənin əlçatanlığı və s. siyasətə bağlıdır. Biz də bunu dərk etməliyik. Bunun üçün də siyasi maariflənmə işi mütəmadi həyata keçirilməlidir. Xüsusən də bütün seçkilərdə namizədlər bu maariflənmə işində iştirak etməlidirlər, insanların seçki məntəqələrinə gəlməsi üçün təbliğat aparmalıdırlar. İnsanlar seçkiyə vacib yanaşdıqdan sonra namizədlərin şüarlarına, vədlərinə baxacaqlar. Vətəndaşın seçkiyə marağı, inamı olmalıdır ki, sonra namizəd arasında seçim etsin, ən yaxşısına səs versin.

Müəllif: Anar Bayramoğlu