Mühüm yeniliyin tətbiqinə hazırlıq gedir – <font color=red> Köhnə əngəllərlə mübarizə şəraitində</font>

Cəmiyyət

02.02.2021 - 15:45

Sahib Məmmədov: “Prosesə mane olan əsas amillər gizli işsizlik və gizli məşğulluqdur”

 

Cəmaləddin İsmayılov: “Kapitalist biznesi üçün dayanıqlı olmayan məşğulluq daha maraqlıdır”

 

Azərbaycanda rəqəmsal məşğulluğa keçid fəal şəkildə gedir və bununla əlaqədar bir sıra yeniliklər tətbiq olunur. Beləliklə, ölkədə məşğulluq haqqında məlumatların sürətlə əldə edilməsini asanlaşdıracaq bir məşğulluq xəritəsi hazırlanır. İşçinin şəxsi işi fərdi kabinetlərlə əvəz ediləcək, bununla əlaqədar elektron sistem yaradılır.

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov rəqəmsal məşğulluğa keçidi AYNA-ya şərh edərkən deyib ki, 2018-ci ildə qəbul edilmiş “Məşğulluq haqqında” Qanunun yeni redaksiyasında vakansiya bankının yaradılması nəzərdə tutulur və bu səbəbdən qanunda göstərilən bəndlər artıq tətbiq olunur: “Başqa bir sual yeniliklərin nə dərəcədə effektiv olacağı ilə bağlıdır. Amma hər halda, iş bankında mövcud olan məlumatlar həm işəgötürənlər, həm də işçilər, yəni əmək münasibətləri iştirakçılarının hamısı üçün faydalı olacaq”.

 

“Ən vacib sual, fikrimcə, məlumatın necə toplanacağıdır. Əmək bazarı dinamikdir. Bu gün bir işsiz vətəndaş sabah işə götürülə bilər. Bundan əlavə, bu cür elektron məlumat bazalarının tərtib edilməsinə çox mane olan gizli işsizlik və gizli məşğulluq faktorları mövcuddur. Bir şəxs işləyənlərin siyahısına daxil edilə bilər, amma, əslində əmək müqaviləsi olsa da, uzun müddətdir ödənişsiz məzuniyyətə göndərilib. Bu, gizli işsizlikdir. Əksinə, yaxşı pul qazanan insanlar var, ancaq əmək müqaviləsi yoxdur, VÖEN yoxdur. Yaxşı gəlirli işləri olmasına baxmayaraq, qeyri-rəsmi əmək bazarının iştirakçıları olduqları üçün dövlət qeydiyyatına işsiz olaraq girəcəklər”, - deyə ekspert bildirib.

 

Qeyri-rəsmi işləyənlərin müəyyənləşdirilməsinə gəldikdə, Məmmədovun sözlərinə görə, toplananlar ancaq ilkin məlumatlar olacaq: “Metodologiya mövcuddur, lakin tətbiqetmələrinin nə qədər təsirli olacağını söyləmək olmaz. Ancaq Dövlət Məşğulluq Agentliyinin işə ciddi yanaşması sevindiricidir, yəni uğur qazanacağımıza ümid edə bilərik. Əmək kitabçaları və sosial sığorta kartları ilə məsələyə gəldikdə, bunlar dövriyyədən çıxarılıb, çünki bunlar mühasibatlıq və nəzarəti təmin edən əlavə bir heyət üçün lazımsız xərclərdir. Bu gün buna ehtiyac yoxdur”.

 

“Xidmət-iş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da AYNA-ya açıqlamasnda deyib ki, hazırda məşğulluq sektorunun rəqəmsallaşdırılması bütün dünyada müşahidə olunur: “Tezliklə Federasiyamız rəqəmsallaşdırma ilə bağlı bir veb seminar keçirəcək və Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələbi ilə, platforma məşğulluğu ilə bağlı bir hesabat yazıldı. Rəqəmsallaşmanın həm müsbət, həm də mənfi tərəfləri var: bu, yeni bir əlaqə formasıdır. Onun sayəsində gənclər və yaşlılar da daxil olmaqla, iş axtarışı sadələşdirilir”.

 

Onun sözlərinə görə, digər tərəfdən, əmək münasibətlərinin rəqəmsal formata keçməsindən danışırıqsa, bu, işçilərin hüquqlarının qorunmasına qətiliklə zəmanət vermir: “Platforma məşğulluğundan danışırıqsa, işəgötürənlə işçinin qarşılıqlı əlaqədə olduğu əmək platformaları, eləcə də müxtəlif xidmətlər getdikcə daha geniş yayılır. Beləliklə, Azərbaycanda 78 taksi xidməti, 30-a yaxın “ayıq sürücü” xidməti mövcuddur və bu xidmətlər onlayn rejimdə fəaliyyət göstərir. Ancaq bu, həqiqət orada işləyənlərin vəziyyətini heç bir şəkildə yaxşılaşdırmadı, çünki sürücülər, adətən qeydiyyatdan keçmədən işləyirlər, xidmətə yalnız qazancın müəyyən faizini vermir, həm də benzin pulunu da özləri ödəyirlər. Yəni, əslində işəgötürənin heç bir öhdəliyi yoxdur. Kapitalist biznesi üçün dayanıqlı olmayan məşğulluq daha maraqlıdır”.

 

İsmayılov hesab edir ki, rəqəmsallaşdırma, əmək prosesi iştirakçılarının hüquqlarının daha çox qorunması, eyni zamanda rəqəmsal sistemə keçidin həyatın bütün sahələri üzərində ümumi nəzarət üçün bir səbəb olmaması şərti ilə təşkil edilməsi vacibdir: “Dediyim bu məsələ bu yaxınlarda sözdə sosial kredit (etibar) sisteminin tətbiq olunduğu Çində baş verdi. Dünyada ilk dəfə bu ölkədə, zibilləri səhv yerə atmaqdan başlayaraq, qonşularına qarşı kobudluq edən vətəndaşlar haqqında məlumatları bir bazada birləşdirməyə qərar verdilər. Hərəkətlərdən asılı olaraq, bir vətəndaşın sosial reytinqi yüksəlir və ya düşür. Xüsusilə, işəgötürən reytinqə əsasən bir nəfərin işə götürülüb-götürülməyəcəyinə qərar verəcək. Bu təcrübə tezliklə bütün dünyaya yayıla bilər və Azərbaycan da istisna olmayacaq. Ancaq  total nəzarət altında yaşamağı heç də hamı istəməyəcək”.

 

Ölkəmizdə məşğulluq sahəsində artıq tətbiq olunan yeniliklərdən danışan hmsöhbətimiz xatırladıb ki, bunlardan bəzilərinin tətbiq edilməsinin vacibliyi üzərində uzun müddətdən bəzi müzakirə aparılır: “Xüsusilə DOST xidməti, Dövlət Əmək Müfəttişliyi Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı videoçəkilişlərdən danışırıq. Ancaq onların bütün lazımi obyektlərə giriş əldə edəcəkləri fakt deyil, çünki bu obyektlərin sahibləri buna ciddi maneələr yaradırlar”.

Müəllif: Elya Belskaya