“Mübarizəmizi sona qədər aparacağıq” - <font color=red> NAZİR</font>

Siyasət

06.10.2020 - 14:40

Ceyhun Bayramov: “Ermənistan silahlı bölmələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”

 

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə açıqlamalar verib.

 

AYNA-nın xəbərinə görə, C. Bayramov bildirib ki, 1994-cü ildə atəşkəs razılaşması əldə olunduqdan 2018-ci ilə kimi Azərbaycan danışıqlarda erməni tərəfinin konstruktiv olmamasını müşahidə edirdisə, 2018-ci ildən sonra danışıqlar prosesində fərqli gündəm yarandı.

 

Nazir deyib ki, 2018-ci ildən etibarən Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi danışıqlar prosesinə olduqca ağır zərbələr vurub: “2020-ci ilin iyul ayından başlayaraq Ermənistanın Azərbaycan vətəndaşlarına hərbi təcavüzlərinin şahidi oluruq. Bundan əvvəl Ermənistanın törətdiyi bir çox təxribatlar zamanı qardaş Türkiyənin bütün səviyyələrdə tam və hərtərəfli dəstəyini gördük və hiss etdik. Azərbaycan dövləti adından Türkiyəyə minnətdarlığımı bildirmək istərdim”.

 

“Ötən həftədən başlayaraq Ermənistan ərazisindən Daşkəsən, Şəmkir əraziləri atəşə tutulmağa başladı. Məqsəd odur ki, Azərbaycan cavab tədbirləri həyata keçirsin və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etsin, üçüncü tərəfləri bu konfliktə cəlb etsin. Ötən həftənin şənbə günündən başlayaraq isə Ermənistan Azərbaycanın 100-200 km uzaqlıqdakı böyük şəhərlərini - Gəncəni, Mingəçeviri hədəfə aldı”, - deyə Bayramov xatırladıb.

 

Nazir qeyd edib ki, hərbi əməliyyatların aparılması özü-özlüyündə xoşagəlməz ssenaridir: “Lakin hərbi əməliyyatlarının aparılmasın özünün də bəlli qaydaları var. Ermənistan üçün isə heç bir “qırmızı xətt” yoxdur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzi terrorçu düşüncə tərzidir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və tarixi həqiqətə söykənir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərində yaşayan dinc erməni əhalisi ilə heç bir problemi yoxdur. Azərbaycan sülhsevər dövlətdir”.

 

“Biz sona kimi erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması istiqamətində mübarizəmizi aparacağıq. Ermənistan silahlı bölmələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır və bu, Azərbaycan üçün “qırmızı xətdir”. Biz bu istiqamətdə işlərimizi sona qədər aparacağıq”, nazir vurğulayıb.

Müəllif: Ayna.az