Şahin Cəfərli: “Rusiyanın indi siyasəti ondan ibarətdir ki, sülh müqaviləsi imzalanacaqsa, o müqavilə məhz Moskvanın vasitəçiliyi ilə gedən proses çərçivəsində imzalansın”
Asif Nərimanlı: “Qarabağdakı erməni əhalisinin milli azlıq olaraq Azərbaycana reinteqrasiyası Rusiya tərəfindən də dəstəklənir”
İyulun 25-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Bununla yanaşı Azərbaycan və Ermənistan XİN başçıları ayrı-ayrılıqda Lavrovla görüşüblər. Nazirlərin Moskva görüşü ilə bağlı Azərbaycan XİN məlumat yayıb. Məlumatda qeyd edilib ki, görüşlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.
“Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb. C.Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb”, - deyə XİN-in yaydığı məlumatda vurğulanıb.
Qeyd edilib ki, həmçinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanatda təsbit olunmuş öhdəliklər, Laçın yolunda baş verənlər, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə məsələləri müzakirəyə çıxarılıb.
Ekspertlər nazirlərin Moskva görüşünün ciddi əhəmiyyətə malik olmadığını bilsirsələr də, diplomatik dinamika baxımından danışıqların faydalı olduğunu qeyd edirlər.
XİN başçılarının sözügedən görüşü ilə bağlı politoloq Şahin Cəfərli AYNA-ya deyib ki, Moskva görüşünün siyasi baxımdan əhəmiyyəti ondan ibarətdir ki, Rusiya Azərbaycan-Ermənistan arasındakı sülh prosesini Qərbin öhdəsinə buraxmaq istəmir: “Çünki Qərbin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi uğurla yekunlaşarsa, bu müstəvidə sülh sənədi imzalanarsa, bu, Rusiyanın Cənubi Qafqaz maraqlarına ciddi təhdidlər yarada bilər. Bu, Rusiyanın regiondan çıxması ilə nəticələnə bilər. Ona görə də Rusiya prosesdə iştirakını Qərbə güzəştə getmək istəmir. Hər dəfə ya ABŞ, ya Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra Rusiya da görüş təşkil edir. Nazirlərin Moskva görüşü də bu siyasətin tərkib hissəsidir. Lavrovun bildirdiyinə görə, daha yüksək səviyyəli – liderlər səviyyəsində Moskvada görüşün keçirilməsinə hazırlıq gedir. Tarix dəqiq bəlli olmasa da, Rusiyanın liderləri görüşdürmək niyyəti var”.
“Əslində 10 noyabr Üçtərəfli Birgə Bəyanat imzalanandan sonra sülh müqaviləsi Rusiyanın gündəmində yox idi. Rusiya daha çox Bəyanatda əksini tapmış müddəaların icrası üzərinə diqqətini cəlb etmişdi. Söhbət kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası kimi məsələlərin Rusiyanın nəzarətində cərəyan etməsi şərti ilə proseslərə start verilmişdi. Sülh müqaviləsinin imzalanması, məsələlərə birdəfəlik nöqtə qoyulması Rusiyanın gündəmində yox idi. Amma Qərb prosesə müdaxilə etdikdən, Qərbin vasitəçiliyi ilə müəyyən irəliləyişlər əldə olunduqdan sonra Rusiya hərəkətə keçdi. Moskvada gördülər ki, proses artıq Rusiyanın nəzarətindən çıxa bilər. Ona görə də Rusiya özü də indi sülh prosesi ilə bağlı danışıqların təşkilatçılığını etmək niyyətini ortaya qoydu”, - analitik vurğulayıb.
“Rusiyanın indi siyasəti ondan ibarətdir ki, sülh müqaviləsi imzalanacaqsa, o müqavilə məhz Moskvanın vasitəçiliyi ilə gedən proses çərçivəsində imzalansın. Təbii ki, belə olan halda aydındır ki, Rusiya o sülh sənədinə öz maraqlarına uyğun hansısa müddəaların daxil olmasına çalışacaq”, - Ş.Cəfərli əlavə edib.
Siyasi icnalçı Asif Nərimanlı isə AYNA-ya görüşlə bağlı danışarkən deyib ki, Moskva görüşündə Bakının gündəliyinin - Qarabağla bağlı “yol xəritəsi”nin qəbul edildiyini söyləmək olar: “Nəzəri baxımdan, bu belədir, Lavrovun açıqlamalarına baxdıqda da belə görünür. Rusiya xarici işlər naziri bildirdi ki, Qarabağdakı ermənilərin milli azlıq olaraq müvafiq qanunvericilik, yəni Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəliklərdən gələn hüquqlarının təmin edilməsi, bunun razılaşdırılması üçün Azərbaycan nümayəndələri ilə qısa müddətdə görüşünün təşkil edilməsidir. Bu o deməkdir ki, Qarabağdakı erməni əhalisinin milli azlıq olaraq Azərbaycana reinteqrasiyası Rusiya tərəfindən də dəstəklənir. Moskvanın belə mövqe sərgiləməsi reallıqla barışmaları kimi görünür. Çünki bu gündəlik beynəlxalq müstəvidə qəbul olunub və bunun əksini irəli sürmək Rusiyanın vasitəçiliyini sıradan çıxara biləcək vəziyyət yaradacaq. Digər tərəfdən, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması məsələsi gündəmə gəldi və qəbul olundu. Lavrov bildirdi ki, “Bakı və İrəvan öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı əsasda hazırdır”.
“Rəsmi Bakı Qarabağda ermənilərin hüquq və təhlükəsizliyinə zəmanət verdiyi kimi, İrəvan da Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsinə zəmanət verməlidir. Bu, tarixi torpaqlarımıza – Zəngəzura, Göyçəyə qayıdışı aktuallaşdıran amildir. Görüşün nəzəri olaraq, Azərbaycanın maraqlarına uyğun yekunlaşdığını deyə bilərik”, - deyə Nərimanlı əlavə edib.
Bu məsələlərin praktiki müstəvidə həyata keçirilməsinin mümkün olub-olmayacağına gəlincə, analitik bildirib ki, bununla bağlı gözlənti azdır: “Xüsusilə, açıq qalan məsələlər var. Birincisi, Qarabağdakı ermənilərə qısa müddətdə Azərbaycanla görüşə razılaşmaq çağırışı edilir, lakin belə bir görüşə ermənilərin nümayəndəsi kimi kimlərin gələcəyi müəmmalıdır. Məlumdur ki, separatçılar erməni əhalisinin “nümayəndəsi” kimi çıxış edirlər, bu baxımdan, qısa müddətdə keçirilməsi istənilən görüşdə onların “tərəf” kimi çıxış etməsi istəyi aydın görünür. Rusiya “Qarabağdakı erməniləri razı salmaq” işini Ermənistana həvalə etməklə də İrəvanın separatçıları “tərəfə” çevirmək planı olan qondarma “Bakı-Xankəndi formatı”nın önə çıxmasına şərait yaradır. Bu baxımdan, məsələnin praktiki müstəvidə işləməsi sual altına düşür”.
“Burada önəmli məqamlardan biri “Bakı və İrəvanın öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı əsasda hazır olması” məsələsidir. Bu imkan verir ki, Ermənistan separatçıları “tərəf” etmək cəhdinə davam edərsə, “Bakı-Xankəndi formatı”na qarşı “Zəngəzur-İrəvan formatı” - qarşılıqlı ərazi iddiası irəli sürülə bilər, yəni bu istiqamətdə gedişlərlə separatçıların siyasi baxımdan, neytrallaşdırılmasına nail olmaq olar. İkincisi, erməni əhalisinin təminatının təcili şəkildə həyata keçirilməsidir. Sual yaranır, Rusiya bunu istəyirsə, təminat hansı istiqamətdən edilməlidir. Ermənistan və separatçılar Bakının təklif etdiyi Ağdam marşrutunu qəbul etmir, Bakı da Laçın postunu açmır. Bu vəziyyətdə Rusiya Ağdam marşrutunu dəstəkləməlidir, Moskva görüşündə sərgilədiyi mövqe də buna uyğun gəlir, əks təqdirdə təminat məsələsində irəliləyişin olacağı çətin görünür”, - A.Nərimanlı vurğulayıb.