MDB müşahidə missiyası seçkilərlə bağlı rəyini açıqlayıb

Siyasət

10.02.2020 - 12:27

Viktor Quminskiy: “Bəzi məntəqələrdə kiçik pozuntulara rast gəlinsə də, bunlar seçkinin gedişatında əhəmiyyətli rol oynamayıb”

 

MDB müşahidə missiyası Azərbaycanda keçirilən 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı rəyini açıqlayıb. AYNA xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında missiyanın rəhbəri Viktor Quminskiy müşahidə zamanı ciddi qanun pozuntusuna rast gəlmədiklərini deyib.

 

“Müşahidə missiyası bu qərara gəlib ki, seçkilər Azərbaycan Konstitusiyası və qanunvericiliyə uyğun, rəqabətli, demokratik şəkildə keçirilib. MDB müşahidə missiyası növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycan dövlətinin dəvəti ilə buraya gəlib. Yanvarın 19-dan öz işinə başlamış missiyamız seçkilərə hazırlıq prosesində və səsvermədə iştirak edib. Seçkilərə MDB müşahidə missiyasının 252 müşahidəçisi akkreditasiya olunub. Onun tərkibinə Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və eləcə də digər MDB ölkələrindən olan müşahidəçilər daxil olub və sərbəst şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb”, - missi rəhbəri deyib.

 

Quminskiyin sözlərinə görə, bəzi məntəqələrdə kiçik pozuntulara rast gəlinsə də, bunlar seçkinin gedişatında əhəmiyyətli rol oynamayıb: "MSK seçicilərin məntəqələrə gəlib rahat şəkildə səs vermələri üçün hər cür şərait yaradıb. Onlara lazım olan bütün informasiyalar təqdim edilib. Seçki pozuntularının qeydiyyatı üçün qərargah yaradılıb, medianın öz işini həyata keçirməsində heç bir əngəl aşkarlanmayıb. Seçki gününə qədər missiya ölkənin 20 regionunda müşahidə aparıb. Qeyd etmək istərdim ki, hava şəraitinə görə bəzi dağlıq bölgələrdə monitorinq aparmaq imkanımız olmayıb. Lakin ölkənin əksər regionlarından əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, həmin bölgələrdə də seçki qanunvericiliyə uyğun şəkildə təşkil olunub. Biz məntəqələrdə əldə etmək istədiyimiz hər bir məlumatı öyrənə bilmiş, suallarımıza cavab almışıq”.

 

“Seçki gününə qədər bir sıra dövlət qurumları ilə görüşlər keçirdik və daxil olan şikayətləri analiz etdik. Seçki günündə isə MSK-ya 260 müraciət daxil olub, onların çoxu kiçik nöqsanlardır. Lakin müraciətlərin hamısı ilə bağlı tam məlumatımız yoxdur. Biz öz qeydlərimizi seçkinin rəsmi nəticələrindən sonra təqdim edəcəyik. Onu da bildirmək istərdim ki, yerli və beynəlxalq müşahidəçilərin sayı da kifayət qədər yüksək olub. Bu da seçki prosesini izləməyə böyük imkan verib. Biz hamımız gördük ki, haradasa seçki məntəqəsinin vaxtında açılmaması ilə bağlı məlumat yoxdur. Səsvermə sakit və yüksək şəkildə təşkil olunub. Bəzi nöqsanlar qeyd edilib. Məsələn, 15-ci dairənin məntəqələrindən birində ikinci dəfə səs vermək cəhdinin qarşısı müşahidəçi tərəfindən alınıb. Lakin dediyim kimi nöqsanlar əhəmiyyətli dərəcədə deyil”, - o vurğulayıb.

Müəllif: Ayna.az