Deputatlar arasında fikir ayrılığı: “Hər kəs həddini biləcək” və ya “mən də müxalifətəm”

Aktual

11.04.2023 - 14:20

Bəhruz Məhərrəmov: "Nazir gəlib canlı efirdə aparıcını döyürdü, axı bunlar unudulmayıb"

Sabir Rüstəmxanlı: "Bir qrupa görə bütün müxalifəti günahlandırmaq olmaz"

Sahibə Qafarova: “Xalq yaxşı bilir ki, kim yaxşı, kim pis müxalifətdir”

Milli Məclisin bu gün keçirilən növbəti iclasında 11 məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən əvvəl deputatlar gündəmdə olan məsələlərlə bağlı fikirlərini səsləndirib, təkliflər irəli sürüblər. Millət vəkili Tural Gəncəliyev deyib ki, Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni geosiyasi reallıqları, əldə etdiyi uğurları həzm edə bilməyən qüvvələr var.

“Azərbaycana qarşı məkrli planlar həyata keçirmək istəyən qüvvələr var”

Onun sözlərinə görə, həmin qüvvələrin bağlı olduğu güc mərkəzləri, dairələr ölkəyə qarşı məkrli planlarını həyata keçirmək üçün hər yola əl atırlar.

“Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatları ilə müdafiə, təhlükəsizlik, hərbi məsələləri də müzakirə etməliyik. Əlbəttə, Azərbaycan bu çağırışların, təhdidlərin öhdəsindən gəlmək üçün güclü liderə, orduya və kifayət qədər dayanıqlı inkişafa malikdir. Lakin Azərbaycan həm müttəfiq ölkələrlə, həm də təmsil olunduğu beynəlxalq təşkilatlarla inteqrasiya sahəsində əməkdaşlığı daha da artırmalıdır. Azərbaycana qarşı təhdidlərin öhdəsindən gəlmək üçün Türk Dövlətləri Təşkilatları çərçivəsində tək iqtisadi, humanitar, mədəni məsələləri deyil, eyni zamanda müdafiə, təhlükəsizlik, hərbi məsələləri də müzakirə etməliyik. Bunu müasir dövrdə üzləşdiyimiz təhdidlər bizdən tələb edir”, - deyə deputat vurğulayıb.

“Onlar nə tam sağlamdır, nə də əllillik təyinatı üçün tam xəstədir”

Deputat Razi Nurullayev qazilərin problemini gündəmə gətirib. Millət vəkili bildirib ki, "YAŞAT" Fonduna müraciət edənlərin sayı çıxalıb: “Artıq kütləvi imtinalar haqqında məlumatlar var ki, bu, təbii ki, haqlı narazılığa səbəıb olur. Mən Fondu da anlayıram, onlarda da vəsait çox azdır. Lakin həm həır iki Qarabağ müharibəsininin qazilərindən minlərlə müalicəyə ehtiyacı olanlar var”.

“Düşünürəm ki, Dövlət Neft Fondundan hər il birdəfəlik vəsait "YAŞAT" Fonduna köçürülməlidir. İmkanlı şəxslərə də müraciət edirəm ki, Fonda vəsait köçürməkdə davam etsinlər. Bir başqa məsələ isə minlərlə müharibə iştirakçısının müalicə məsələsidir, əlillik alması məsələsidir ki, həllini tapmalıdır. Onlar nə tam sağlamdır, nə də əllillik təyinatı üçün tam xəstədir. Belə olan halda, bizlər, dövlət qurumları da çətin suallarla üz-üzə qalırıq. Müharibə iştirakçısı da qapıları döyməkdə və sosial şəbəkələrdə şikayətlərini səsləndirməkdədirlər. Vallah, onları qınamaq da olmur”, - deputat vurğulayıb.

Deputat: “Onların zənginə cavab verə bilmirəm”

R.Nurullayev əlavə edib ki, qazilərin iş yerləri ilə təminatında çox ciddi problemlər var: “Onda sual olunur ki, bu adamlar necə dolansın və dərmanlarını hansı vəsaitlə alsınlar? Təklif edirəm ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara 3 il müddətinə 600-800 manat arası vəsait ödənilsin. Həqiqətən də bu gün taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var. Normal ali və peşə təhsili yoxdur ki, iş bazarında axtarışa çıxsın. Valideynləri imkanlı deyillər ki, övladlarının xərclərini ödəsin. Tam da əlil deyillər ki, aylıq vəsait alsınlar. Belə bir vəziyyət yaranıb. Məncə, həm biz, həm də aidiyyəti dövlət qurumu bu məsələni gözardına almamalıdır. Təklif edirəm ki, bu məsələ ilə bağlı bir dinləmə keçirək. Vallah, yazıqdırlar, ola bilər ki, verilən təkliflər içərisində elə səmərəlisi olacaq ki, həm biz, həm də hökumət bəyənəcək. Şəxsən həmin insanların zənginə cavab verə bilmirəm”.

“Bu gün “YAŞAT” Fondunda vəsait çatışmır. Deputat həmkarlarımı Fonda vəsait köçürməyə çağırıram. Bu ay əməkhaqqımızın bir hissəsini “YAŞAT” Fonduna ödəyərək ictimaiyyətə, iş adamlarına müraciət edək ki, onlar da Fonda dəstək versinlər. İnanıram ki, deputat həmkarlarımız əməkhaqqının bir hissəsini bağışlayaraq nümunə göstərəcəklər”. Bu təklifi isə deputat Qənirə Paşayeva səsləndirib.

Deputata cavab verən birinci vitse-spiker Əli Hüseynli isə “YAŞAT” Fonduna davamlı dəstək verildiyini bildirib: “Belə problem yaranıbsa, “YAŞAT” Fondu ilə əlaqə saxlayarıq”.

Deputatdan sərt sözlər: “Bunlar nə üzlə demokratik dəyərlərdən danışırlar?”

Deputat Bəhruz Məhərrəmov çıxışında xatırladıb ki, 5 il əvvəl növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı yenidən İlham Əliyevə etimad göstərib onu Prezident seçib: “Cənab İlham Əliyev 1993-cü ildən Ümummilli liderin başladığı və 2003-cü ildən özünün davam etdiyi çoxşaxəli fəaliyyətin hesabatını məhz bu dönəmdə, böyük zəfərimizlə verərək Azərbaycanı regionda əsas gücə çevirdi. Xatırlayırsınızsa cənab Prezident 31 oktyabr 2003-də özünün ilk andiçmə mərasimində hədəflərini açıqlayarkən ölkənin inkişaf strategiyasını uğurla reallaşdırmaq və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyev siyasətinin davam etdirilməli olduğunu bildirmişdi. Bu gün əminliklə demək olar ki, bütün uğur və qələbələrimizin təməlində məhz cənab Prezidentin həmin vədinə sadiq qalması dayanır”.

“Ümummilli lider Heydər Əliyev həqiqətən də müstəqil Azərbaycan tarixində istiqlala gedən yoldan müstəqilliyin əldə olunmasına, suverenliyin qorunmasına qədər bütün proseslərin təməlində dayanmış siyasətin üstündə olan bir ucalıqdır. Bu gün sosial media anarxiyası şəraitində bəziləri hətta özlərini müstəqilliyin banisi, sovet quruluşunu çökdürən super qəhraman kimi sırımağa çalışırlar. Baxmayaraq ki, həmin dövrün təhlili göstərir ki, bu adamlar əksinə, o zaman Azərbaycan xalqının suverenliyi yolunda ən böyük maneəyə çevrilmişdilər. Müstəqillik üçün bütün zəmini 1969-cu ildən 1987-ci ilə qədər formalaşdırmış ümummilli lider özü də böyük uzaqgörənliklə anlayırdı ki, sonralar psevdoqəhrəmanlar meydana çıxacaq. 1993-cü il oktyabrın 10-da dahi lider andiçmə mərasimində bildirmişdi ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz”, - deyə deputat vurğulayıb.

“Fon yaratmaq niyyətindədirlər ki, sanki biz xainləri yox, dindarları hədəfə almışıq”

Millət vəkili qeyd edib ki, eyni mövqeni Prezident İlham Əliyev də 2021-ci ilin oktyabrında Füzuli ictimaiyyəti ilə görüşdə də səsləndirib: “Prezident bu saxtakarları ifşa etdi. Son günlər yəqin ki, müşahidə edirsiz, xəyanətkar qvardiya yenidən aktivləşib. Amma bir dənə sağlam arqument yoxdur. Bunlar nə üzlə demokratik dəyərlərdən danışırlar? Nazir gəlib canlı efirdə aparıcını döyürdü, axı bunlar unudulmayıb. İndi hansı haqla, hansı nəticə ilə bunlar sosial rifahdan, iqtisadiyyatdan danışırlar? 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə 1600 faiz infliyasiya göstəricisi var idi. Bu idi onların bacardıqları. İndi bütün bunların fonunda elə bir mühit formalaşdırılar sanki Azərbaycan dövlətçiliyinin, o cümlədən, Azərbaycan xalq cumhuriyyətinin irsinin varisi bunlardır”.

“Bu antimilli dairələr, onların sosial mediaya birə kimi daraşmış xain ünsürləri indi də casusları müdafiə etməklə belə bir fon yaratmaq niyyətindədirlər ki, sanki biz xainləri yox, dindarları hədəfə almışıq. Ay adam, ay insan, Heydər Əliyev və İlham Əliyev hakimiyyəti illərində ölkədə tikilən məscidlərin sayı sənin o xəyanətkar şuranın üzvlərinizin sayından çoxdur. Qonşu dövlətin casuslarına möhtac qalan, yaxud əməli məhkəmə qaydasında sübut olunmuş məhbusların estafet kimi bir-birinə ötürdükləri saxta aclıqlarla qidalanan, bu sayədə ayaqda qalan bir müxalifət, bu xalq üçün ətrafa üfunət yayan cəsəddən başqa bir şey deyil. Ona görə də bu ali tribunadan bir daha bəyan edirik ki, hər kəs həddini, yerini biləcək. İlham Əliyev siyasətinin alternativi yoxdur və bundan sonra da yalnız və yalnız Heydər Əliyev yolu davam edə bilər”, - Məhərrəmov fikirlərini tamamlayıb.

Deputatdan həmkarına cavab: “Xalq Hərəkatının üzərindən xətt çəkmək, qara yaxmaq olmaz”

Deputatın bu çıxışı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlını qıcıqlandırıb. Deputat qeyd edib ki, müxalifət deyilərkən, sərhəd qoyulmalıdır: “Mən də müxalifətəm və burada oturmuşam. Bu zalda başqa müxaliflər də var. Hesab edirəm ki, bir qrupa görə bütün müxalifəti günahlandırmaq olmaz. Heydər Əliyev Azərbaycan Yazıçılar Birliyindəki çıxışında dedi ki, Azərbaycanda Xalq Hərəkatını izləyirdi, sonra hakimiyyətə təcrübəsiz adamlar gəldi və s. Anlamaq lazımdır ki, bu Hərəkat SSRİ-nin parçalanmasında mühüm rol oynadı. İndi Xalq Hərəkatının üzərindən xətt çəkmək, qara yaxmaq olmaz”.

“Mən Sabir Rüstəmxanlı ilə Əli Kərimlini, Rəsul Quliyevi bir tuta bilmərəm”

“Bu gün sosial şəbəkələrdə Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə kimi insanlar barədə yanlış məlumatlar yer alır. Onları üz-üzə qoyulmağa çalışırlar. Çünki bu tarix yazılmayıb, hər kəs də öz bildiyi, anladığı səviyyədə danışır. Bu məsələlərlə bağlı obyektiv yazılı tarix, dövlətin münasibəti ortaya qoyulmalıdır”.

Spiker Sahibə Qafarova deputatın çıxışına cavab olaraq bildirib ki, xalqın gözü tərəzidir: “Xalq yaxşı bilir ki, kim yaxşı, kim pis müxalifətdir”.

Deputat Aydın Mirzəzadə isə həmkarı S.Rüstəmxanlı ilə həmrəylik nümayiş etdirib: “Müxalifət deyəndə hər kəsi eyni tutmaq olmaz. Sabir Rüstəmxanlının bu fikri ilə razıyam. Bəli, Sabir Rüstəmxanlı da müxalifəti təmsil edir. Amma mən Sabir Rüstəmxanlı ilə Əli Kərimlini, Rəsul Quliyevi bir tuta bilmərəm”.

Bundan sonra deputatlar iclasın gündəliyində olan məsələlərin müzakirəsini aparıblar.

Müəllif: Anar Bayramoğlu