Milçəklər və kotletlər barədə: Moskvada Bakıya dair gerçəkləşməyəcək xəyallar

Siyasət

08.07.2021 - 17:39

Azərbaycan niyə oturuşmuş siyasətini dəyişsin və heç kimə lazım olmayan təşkilata üz tutsun?!

 

Milçəkləri kotletdən ayırmağın vacibliyi barədə çox deyilib və yazılıb. Ancaq yeni məqamlar ortaya çıxır və bu məlum fikri təkrarlamağa məcbur olursan. Bu dəfə də məcbur olduq. Çünki... Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin açıqlama verdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyası (PA) tərəfdaş dövlətlər institutu yaratmağı planlaşdırır. Bu dövlətlər PA-dan KTMT-nin məsləhətçi səsi statusnu ala biləcək.

 

Hazırda KTMT PA-da hərbi blok üzvlərindən əlavə (Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan), yalnız müşahidəçi ölkələr var (Əfqanıstan, Serbiya).

 

“KTMT Parlament Assambleyası üçün yeni bir tərəfdaşlıq institutu yaradılması məsələsinə baxılması təklif olunur. Onlar məşvərətçi səs hüququ, sənədlərin hazırlanmasında və kollektiv qərarların hazırlanmasında iştirak etmək hüququ alacaq”, - deyə Volodin bildirib.

 

Onun sözlərinə görə, yeni bir statusun yaranması Assambleyanın səmərəliliyinin, şəffaflığının artırılması üçün böyük əhəmiyyətə malikdir: “Üstəlik, bir sıra dövlətlər KTMT PA çərçivəsində əməkdaşlığa maraq göstərir. Bu baxımdan KTMT-də müşahidəçi və tərəfdaş statusunun verilməsi, işimizdə prinsiplərimizi bölüşən ölkələr və beynəlxalq təşkilatlarla parlamentlərarası qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradır”.

 

Volodin eyni zamanda, KTMT PA çərçivəsində beynəlxalq platformalarda “gündəmin daha təsirli təşviqi və müdafiəsi” üçün koordinasiyanın gücləndirilməsinə çağırıb. Ümumiyyətlə, bu vaxta qədər hər şey ümumi ifadələr, müraciətlər, ümidlər səsləndirmək ruhunda olduqca tanış sözlər idi. Ancaq işin əsası budur ki, Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov cümə axşamı jurnalistlərlə söhbətində bir çox ölkənin yeni formata maraq göstərdiyini deyib, ancaq onlardan yalnız ikisinin - Azərbaycan və Pakistanın adını çəkib.

 

“Bir qayda olaraq, bu barədə danışmaq adət deyil. Məsələn, eyni Pakistan çoxdan həm müşahidəçi olmaq istəyirdi, həm də indi, bəlkə də bir tərəfdaş olacaq (PA KTMT)”, - deyən Kalaşnikov müşahidəçilər və tərəfdaşlar üçün hüquqlar dəstinin fərqli olacağını vurğulayıb.

 

Pakistana münasibət bildirməyəcəm, ancaq Azərbaycanla bağlı cənab Kalaşnikov açıq şəkildə əndazəni aşdı. Ona rəsmi Bakının mövqeyinin Dumanın komitə rəhbəri tərəfindən səsləndirilməməli olduğunu xatırlatmaq mənim üçün hətta yaxşı deyil. Ölkəmiz nə vaxt, nəyi və necə edəcəyini məsləhətçilər olmadan özü həll edir.

 

Bundan əlavə, cənab Kalaşnikovun Azərbaycanın Ermənistanın üzv olduğu hərbi təşkilatların üzvü olmayacağını anlamaması qəribədir. Bəli, indi Ermənistanda KTMT ilə bağlı böyük narazılıqlar var, hətta ölkənin təşkilatdan çıxmasına çağırışlar var. Ancaq bu istiqamətdə heç bir real addım atılmır.

 

Və bunu etmək mümkün də deyil. Çünki Ermənistan müstəqil olaraq öz təhlükəsizliyini təmin edə bilmir. Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərini təkbaşına qorumaq qabiliyyətinə də sahib deyil. Bütün bunlar ruslar tərəfindən qorunur.

 

Beləliklə, burada, necə deyərlər, atəş boşa keçdi. Üstəlik, Azərbaycan onsuz da Ermənistan xaricində KTMT-yə üzv olan bütün dövlətlərlə əla əlaqələrə malikdir. Bu səbəbdən də erməni tərəfi nə 2016-cı ilin dörd günlük aprel müharibəsinə, nə də 44 günlük Vətən müharibəsinə KTMT-ni cəlb etməyi bacardı. Nəhayət, KTMT Baş katibi Stanislav Zas bu yaxınlarda Azərbaycanla yeni bir sərhədin yaradılması ilə əlaqədar olaraq Ermənistanın cənubundakı vəziyyətin kəskinləşməsinin “sərhəd hadisəsi” olduğunu və baş verənlərin KTMT nizamnaməsinin kollektiv müdafiə ilə bağlı müddəalarına uyğun olmadığını bildirdi.

 

Ermənistanda hələ də onun açıqlaması isterik şəkildə şərh edilir. Bu fonda sadə və açıq bir sual yaranır: niyə Azərbaycan nəyisə dəyişsin və KTMT tərəfdaşı statusunu qazansın? Üstəlik, ölkəmiz Qoşulmama Hərəkatının üzvüdür və heç bir hərbi blokun üzvü deyil və olmayacaq da.

 

Azərbaycan ikitərəfli münasibətlərin inkişafının tərəfdarıdır. Məsələn, Türkiyə ilə olduğu kimi. Hərbi əməkdaşlıq, NATO-ya girmədən ordumuzu gücləndirməyimizə imkan verir, İttifaqın ikinci ən güclü ordusundan ən yaxşısını alırıq. Bunlar hamısı açıq həqiqətlərdir. Buna görə də Kalaşnikovun açıqlaması boş bir hava sarsıntısı və ya milçəkləri kotletlərdən ayırması lazım olan bir rus siyasətçisinin gerçəkləşməmiş ümidləri olaraq qalacaq. Yeri gəlmişgən, ancaq onun deyil.

Müəllif: Əkbər Həsənov