Qalib Məmmədov Yasamal rayonunda baş verən hadisə ilə bağlı saxlanılıb
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. APA xəbər verir ki, Qalib Məmmədov dünən Yasamal rayonunda baş verən hadisə ilə bağlı saxlanılıb.
AYNA.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat təsdiqlənib.
Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Söküntü işləri “Melissa Group” tikinti şirkəti tərəfindən aparılıb.
Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
"Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - məlumatda qeyd olunub.
Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. DİN-dən verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır.