Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir
Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin (bundan sonra - "hakim vəzifəsinə namizədlər") seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır. Məhkəmə-Hüquq Şurası hakimlərin səlahiyyətlərinə xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi barədə müraciətlərə baxır.
Məhkəmə-Hüquq Şurasının rəsmi veb səhifəsinin olmasına baxmayaraq onlayn şəkildə sayt üzərindən elektron müraciət göndərmək imkanı mövcud deyil. Saytda müraciətlərin göndərilməsi üçün poçt, elektron poçt, faks və telefon nömrələri qeyd olunub. Belə ki, müraciətlər Məhkəmə-Hüquq Şurasının rəsmi elektron ünvanına ([email protected]) göndərilə, yaxud (012) 510-21-62 nömrəli telefonla faks edilə bilər. Həmin müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Qanunda nəzərdə tutulmuş qaydada baxılacaqdır. Həmçinin bildirilir ki, Şurada "Qaynar xətt" (012-310-22-77) fasiləsiz fəaliyyət göstərir.
Qeyd edək ki, müraciətdə göndərilən subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi tam aydın göstərilməlidir. Müraciət edən şəxs öz adı, atasının adı, soyadı və ünvanını qeyd etməlidir. Məsləhətdir ki həmçinin mobil nömrə və elektron poçtunu qeyd etsin. Müraciət kağız üzərində hazırlanırsa müracitə imzalamalı və tarix qoymalıdır. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.
Qeyd: Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Aktiv Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.