“Magistraturaya qəbul imtahanı 100 ballıq sistemdə olmayacaq”

Cəmiyyət

16.01.2020 - 10:14

Kamran Əsədov: “Bu il imtahanlar mayın sonu-iyunun əvvəlində keçiriləcək”

 

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) magistraturaya qəbul imtahanları ilə bağlı dəyişiklik edib. Belə ki, magistraturaya qəbul bakalavrın birmərhələli qəbul imtahanından topladığı bal əsasında aparılacaq. Bakalavr müsabiqədə imtahanda topladığı bal əsasında iştirak edəcək.

 

Təhsil eksperti Kamran Əsədov yeni qaydaları AYNA-ya şərh edib:

 

- Bildiyiniz kimi, 2020-2021-ci tədris ilindən etibarən magistratura imtahanı bir mərhələdə, bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçiriləcək. Bu ilə qədər isə ikimərhələli idi, ikinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilirdi.

 

- Builki dəyişikliklər bununla kifayətlənəcək, yoxsa davamı olacaq?

 

- Düşünürəm ki, bu il magistratura imtahanı üçün tətbiq ediləcək yeniliklər bununla bitməyəcək. Əvvəlki illərdə, bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üçün 100 test tapşırığı təqdim edilirdisə, bu ildən etibarən test tapşırıqlarının sayı artırılacaq. Bundan başqa, magistr pilləsi üzrə imtahanlar aprel-may aylarında keçirilirdisə, bu il ən tezi mayın sonu-iyunun əvvəlində keçiriləcək. Ona görə ki, cari ildə tətbiq ediləcək yeniliyə görə imthan iştirakçılarının ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) nəzərə alınacaq ki, bu da ali təhsil məssisələrində təhsil alanlar üçün ən tezi may-iyun aylarında müəyyən olunur. Ona görə də mart-aprel aylarında imtahan gözləmək olmaz.

Ülviyyə Şahin