Litva piyada əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyanı denonsasiya edib
Litva piyada əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyanı (Ottava Konvensiyası) denonsasiya edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Litva Seyminin (parlament) plenar iclasında 107 deputat sənəddən irəli gələn öhdəliklərdən imtinanın lehinə səs verib. 3 deputat bitərəf qalıb. Heç kim əleyhinə səs verməyib.
Qeyd edək ki, martın 18-də Baltikyanı ölkələrin və Polşanın müdafiə nazirləri birgə bəyanatda hərbi təhlükənin kəskinləşməsini və bütün çəkindirmə vasitələrindən istifadə etmək zərurətini əsas gətirərək, ölkələrinin rəhbərliyinə Ottava Konvensiyasından çıxmağı tövsiyə ediblər. Sonra Finlandiya onlara qoşulub.
Piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyası 1999-cu ildə qüvvəyə minib və Ukrayna da daxil olmaqla 164 dövlət Konvensiyaya qoşulub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, bu silah növü çoxlu sayda mülki insan itkisinə səbəb olur və hərbi əməliyyatlar başa çatdıqdan sonra uzun illər təhlükə yaratmaqda davam edir.