Kuçmanın yerinə Kravçuk: Zelenski ilk Prezidentə təklif göndərib

Dünya

29.07.2020 - 14:06

“Elə adam olmalıdır ki, reaksiya verə bilsin, çox çətin anlarda Ukraynaya xəyanət etməsin”

 

Ukrayna prezidenti Vladimir Zelenski Üçtərəfli Təmas Qrupu çərçivəsində Donbass problemi ilə bağlı danışıqlarda nümayəndə olaraq keçmiş dövlət başçısı Leonid Kravçukun Leonid Kuçmanı əvəz etməsi təklifini irəli sürüb. AYNA bu barədə “LIGA.News”-a istinadən xəbər verir.

 

Zelenski hesab edir ki, Rusiya ilə danışıqlara rəhbərliyi Ukraynanın həm şərqində, həm də qərbində hörmət göstərilən şəxs aparmalıdır. Ukrayna lideri düşünür ki, Üçtərəfli Təmas Qrupu danışıqlarında ölkəsini təmsil edən şəxs danışıqlar masasına hakim olmalıdır.

 

“Elə adam olmalıdır ki, reaksiya verə bilsin, çox çətin anlarda Ukraynaya xəyanət etməsin. Təcrübəli, “sağ” və “sol” siyasi baxışlı yox, “mərkəzçi” olmalıdır. Bu xüsusiyyətlər Kravçukda cəmləşib”, - deyə Prezident bildirib.

 

Zelenskinin sözlərinə görə, danışıqların rəhbərliyinə Baş Nazirin müavini Aleksey Reznikov da daxil olmaqla bir neçə namizəd var: “Düzünü deyim ki, biz də Ukraynanın ilk Prezidenti Leonid Kravçukla danışıq aparırıq, ona təklifimizi çatdırmışıq”.

 

Qeyd edək ki, bundan əvvəl Reznikov nümayəndə heyəti rəhbərliyi postunu müvəqqəti olaraq icra edəcəyini açıqlayıb.

 

Xatırladaq ki, dünən Ukraynanın sabiq rəhbəri Leonid Kuçma danışıqların nümayəndə heyəti rəhbərliyindən gedib. Səbəb kimi yaşlı olduğu, fiziki baxımdan işləyə bilmədiyi açıqlanıb. Kuçmanın hazırda 82 yaşı var. Onu da bildirək ki, Kuçmanın yerinə namizəd olaraq təklif göndərilən ölkənin ilk Prezidenti olmuş Leonid Kravçukun isə 86 yaşı var.

Müəllif: Ayna.az