"Bu, hava hücumundan müdafiə, müşahidə və təhdid aşkarlama sistemlərimiz üçün son dərəcə çətin bir gecə idi"
“Ötən gecə Polşa hava hücumundan müdafiə üçün son dərəcə çətin olub”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış sosial media səhifəsində yazıb.
"Bu, hava hücumundan müdafiə, müşahidə və təhdid aşkarlama sistemlərimiz üçün son dərəcə çətin bir gecə idi", Kosiniak-Kamış yazıb.
O, əlavə edib ki, "məlumat müvafiq xidmətlər tərəfindən daim ötürülür və əlaqələndirilirdi və ölkəmizin ən vacib şəxslərinə də çatırdı".
Qeyd edək ki, 30 iyulda Polşa hava məkanında naməlum uçan obyekt aşkar edilib və onun qəza yeri sonradan tapılıb. Onu müəyyən etmək və ələ keçirmək üçün növbətçi F-16 qırıcı təyyarəsi göndərilib. Hərbçilərin məlumatına görə, obyekt aşkar edildikdən altı dəqiqə sonra radarlardan yoxa çıxıb.
Polşa polisi daha sonra sosial mediada Polşanın şərqindəki Lyublin voyevodalığında, ən yaxın yaşayış məntəqəsindən təxminən 2 km məsafədə güclü partlayış və krater olduğunu bildirib. Kraterin yaxınlığında naməlum bir obyektin səpələnmiş parçaları tapılıb.