Ərəstun Oruclu: “Blinkenin açıq şəkildə “bunun arxasında İran izi görünmür” deməsi mesajdır ki, ABŞ bölgədə böyük müharibədə maraqlı deyil”
Oktyabrın 7-də səhər saatlarında İslami Müqavimət Hərəkatı (HƏMAS) İsrailə hücum edib. Bundan sonra İsrail hakimiyyəti dövlətin rəsmən müharibə vəziyyətində olduğu bəyanatı verib. İsrail ordusunun mətbuat xidməti hücum başlayan gün 3 mindən çox raket atıldığını bildirib. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə hücum ediblər. Həmin gün Fələstin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatını elan edib.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başladığını elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib. İsrail Qəzza zolağının tam nəzarətə götürülməsi əməliyyatının başladıldığını bəyan edib.
Artıq hər tərəf yüzlərlə insanı itirib, minlərlə vətəndaş yaralanıb. Münaqişə qurbanlarının sayı durmadan artır. Bu, son 50 ildə münaqişənin ən böyük eskalasiyası sayılır.
Köhnə münaqişənin yenidən alovlanması, hərbi əməliyyatların tam gücü ilə bərpa olunması barədə fikirlər müxtəlifdir. Ekspertlər HƏMAS-ın indiki məqamda birdən-birə belə genişmiqyaslı hücuma keçməsinin səbəblərini bir çox arqumentlərlə izah edirlər.
Yaxın Şərqdə qanlı müharibənin niyə yenidən başlaması və prosesin sonrakı mərhələsində nələr yaşanacağı barədə AYNA-nın suallarını “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb. Analitik qeyd edib ki, münaqişənin alovlanmasının arxasında çoxlu səbəblər dayanır:
- Ən əsas səbəb odur ki, HƏMAS və İsrail heç vaxt sülh şəraitində, əmin-amanlıq şəraitində olmayıb. İndi Yaxın Şərq bölgəsi elə mərhələyə qədəm qoydu ki, bütün köhnə konfliktlər yenidən alovlanmağa, qızışmağa başlayıb. Burada geosiyasi, regional və yerli, daxili səbəblər var.
Geosiyasi səbəb odur ki, Hindistan-Yaxın Şərq iqtisadi dəhlizinin yaradılması barədə qərar qəbul olundu. Bu, olduqca böyük bir layihədir. Hindistanın, Avropanın və ABŞ-ın iştirakı ilə verilən bu qərara hansısa qüvvələr qarşıdır və layihənin qarşısının alınmasında həmin qüvvələr maraqlıdır. Məhz ona görə də burada birmənalı şəkildə deyə bilərik ki, HƏMAS-dan istifadə olundu.
İkinci səbəb, HƏMAS-ın da İsrailə diş göstərməkdə maraqlı olmasıdır. Bununla HƏMAS həm də ərəblərlə İsrail arasında münasibətlərin normallaşması prosesinin qarşısı almaq istəyir. Çünki münasibərlər normallaşsa, HƏMAS ərəb dövlətlərinin dəstəyini tədricən itirəcək.
Üçüncü səbəb isə dediyim kimidir – daxili səbəblərdir. Bu gün Fələstin məsələsi həllini tapmamış qalır. Fələstin dövləti məsələsi hələ də gündəmdə deyil. Görünən odur ki, HƏMAS liderləri bunu xatırlatmaq istədilər və göstərmək istədilər ki, nə qədər ki, Fələstin dövləti olmayacaq, konflikt zaman-zaman alovlanacaq, hətta belə böyük miqyas alacaq.
- Bu prosesin arxasında İranın dayanması ehtimalları nə qədərdir?
- Bu, olduqca zidiyyətlidir. Məsələn, ABŞ dövlət katibi Antoni Blinken bildirdi ki, İranın bu məsələnin arxasında dayanmasında əsaslı sübutlar, faktlar yoxdur. Digər tərəfdən, ABŞ-ın “Wall Street Journal” nəşri yazdı ki, bu qarşıdurmanın arxasında İran dayanıb. Təbii ki, HƏMAS-a hücum əmrinin Tehrandan gəldiyini media məqaləsinə istinad edib təsdiqləmək doğru deyil. Amma hər bir halda, ABŞ jurnalında belə məqalə getdi ki, HƏMAS-la İran arasında bu hücuma hazırlıq olub və əməliyyatları İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) hazırlayıb. Bununla bağlı çoxsaylı sübutların olduğu, Beyrutda görüşlər keçirildiyi və s. yazıldı. Hər halda media iddiası olsa da, bu məlumatları gözardı etmək də olmaz.
- Bu, İrana qarşı müharibəyə gətirib çıxara bilərmi və ümumiyyətlə, Tehran qanlı qarşıdurmanın olmasında maraqlıdırmı?
- Mən düşünmürəm ki, İran bölgədə müharibənin olmasında maraqlıdır. Tehran anlayır ki, gec-tez ona qarşı hansısa hərbi addımlar atılacaq. İranın həmişəki taktikası bundan ibarətdir ki, müharibə ərazisindən uzaqlaşsın və hər dəfə də buna nail olur. Məsələn, İran Suriya müharibəsində iştirak edir, Yəmən müharibəsində iştirak edir, Fələstini dəstəkləyir, Hizbullahı zaman-zaman münaqişəyə təhrik edir. Hər dəfə də ona nail olur ki, müharibə İran ərazisindən uzaqlaşır. Ola bilsin ki, indi baş verənlər də bu taktikanın tərkib hissəsidir. Amma İranın bölgədə böyük müharibədə maraqlı olduğunu demək inandırıcı deyil. Çünki belə bir müharibə olarsa, ən böyük zərbə alacaq ölkələrdən biri və birincisi məhz İran olacaq. Ona görə də İranın böyük müharibə istəyi məntiqə uyğun deyil.
- İsrail hazırda İrana qarşı beynəlxalq koalisiyanın yaradılmasına çalışır. Sizcə, buna nail olacaqmı?
- İsrail İrana qarşı koalisiya yaradılmasında hər zaman maraqlı olub. Çünki İsrail öz gücü, resursları hesabına İranla uzunmüddətli müharibə aparmaq gücündə deyil. Bundan başqa, İsrailin uzunmüddətli müharibə aparmağa coğrafiyası imkan vermir. İsrailin İranla birbaşa təması, quru sərhədi yoxdur. Ən uzağı, İsrail İrana hava zərbələri endirə bilər. Bunlar isə nə qədər effektiv olar, bunun özü sual altındadır. Maraqlı suallardan biri də odur ki, bəs İsrail müharibə istəyirmi? İsrail istəyir ki, İranın nüvə proqramıbnın qarşısını alsın, nüvə silahı əldə etməsinə mane olsun. Amma məsələ burasındadır ki, İran İsrailin bütün ətrafını öz proksiləri ilə tam təmin edib. Livanda, Suriyada, Fələstində İran öz proksilərini yerləçdirib. Hansısa müharibə olacaqsa, həmin proksilər işə düşəcək. Bu isə İsrail üçün böyük fəlakətlər vəd edir. Xüsusilə, nəzərə almaq lazımdır ki, bu proksilər içərisində ən zəifi HƏMAS-dır. HƏMAS İsrailə belə zərbə, ziyan vura bilirsə, məntiqlə İsrail müharibədə maraqlı olmalı deyil. Amma əlbəttə, ola bilsin ki, HƏMAS-ın son hücumunadək İsraildə fərqli düşüncə olub. Təl-Əvivdə belə düşüncə ola bilərdi ki, yetərincə güclüdürlər, kəşfiyyatı, ordusu ən yüksək səviyyədədir və heç bir qüvvə İsrailə təhdid yarada bilməz və s. Artıq bu fikirlər yoxdur. HƏMAS-ın hücumu ilə başqa məsələlər ortaya çıxdı. Görünən o oldu ki, zəncirdəki ən zəif həlqə olan HƏMAS kifayət qədər ağır zərbə vurmaq gücündədir. Bu mənada İsrailin koalisiya yaranmasında maraqlı olması təbiidir. Amma koalisiyanın yaradılmasına İsrailin nail olacağını düşünmürəm. Ona görə ki, Antoni Blinkenin açıq şəkildə “bunun arxasında İran izi görünmür” deməsi mesajdır ki, ABŞ bölgədə böyük müharibədə maraqlı deyil. ABŞ müharibədə maraqlı olmadığı halda İsrailin təkbaşına nəsə etməsi mümkünsüz görünür. İsrailin özünə tərəfdaşlar toplaması, koalisiya yaratması da çətindir. İrana qarşı müharibə və koalisiya o zaman mümkündür ki, bunu ABŞ istəsin. Başqa dövlətlərin iştirakı ilə bu, qeyri-mümkündür.
- Bu hadisələr İsrailin son illər ərəb dünyası ilə apardığı normallaşma siyasətinə hansı təsirləri göstərəcək?
- İsrail son bir neçə il idi çalışırdı ki, ərəb ölkələri ilə münasibətləri bərpa etsin, hətta bəziləri ilə bərpa etmişdi. Səudiyyə Ərəbistanı ilə İsrail arasındakı münasibətlərin normallaşmasında müəyyən suallar qalırdı. Çünki Səudiyyə şərt kimi Fələstin məsələsinin həllini ortaya qoymuşdu və onun üzərində dayanırdı. Amma Hindistan-Yaxın Şərq dəhliz layihəsi İsraillə ərəb ölkələri arasındakı normallaşma prosesini sürətləndirməli idi. Çünki həmin layihədə həm Səudiyyə Ərəbistanı yer alır, hətta əsas iştirakçılardan biridir, həm də İsrail var. Bu iki ölkə münasibətləri bərpa etmədən əlbəttə, hansısa qlobal iqtisadi layihədə birlikdə iştirak qeyri-mümkün idi. Ona görə də münasibətlərin normallaşması istiqamətində addımlar atılması gözlənilirdi. İndi bölgədə baş verənlər İsraillə Səudiyyə arasında münasibətlərin bərpasını xeyli dərəcədə geriyə atmış oldu. Bunun ilkin əlamətləri də görünür. ABŞ Dövlət Departamentinin açıqlamasından görünür ki, dövlət katibi Blinken Qətərin, BƏƏ-nin, Səudiyyənin rəhbərləri ilə danışıb. Blinkenin zəng etdiyi liderlərin hamısı HƏMAS-ın addımını pisləməkdən imtina ediblər. Deməli, ərəb dünyasında HƏMAS-a, fələstinlilərə hələ də dəstək var. Bu, başqa cür mümkün də deyil. Ona görə ki, həmin liderlər İsraili dəstəkləsələr, ilk növbədə öz xalqlarının qəzəbinə tuş gələrlər. Bu, həmin liderlərə lazım deyil, çünki daxili destabilizasiya yaradacaq. Bütün bunları toplayanda, demək olar ki, bundan sonra İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşması istiqamətində neqativ dinamika yaşanacaq. Hər halda, müsbət dinamika gözlənilmir.
- Baş verən qanlı toqquşmaların, müharibənin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkündürmü?
- Müharibənin nəticələri barədə bu gün nələrsə demək çox çətindir. Bu, İsrailin atacağı addımlardan, həmin addımlara müvafiq olaraq düşmənlərinin atacağı cavab addımlarından asılı olacaq. Bu gün nəticələrlə bağlı proqnoz vermək üçün böyük institut olmaq, hər detalı araşdırmaq, təhlil etmək lazımdır. Hələlik görünən budur ki, müharibə əhvalı hər iki tərəfdə davam edir və bu əhvalın yaxın zamanda dəyişəcəyini söyləmək üçün əsas yoxdur. Mən nəticə ilə bağlı proqnoz vermək məsuliyyətini üzərimə götürmək istəməzdim. Çünki hər şey ola bilər: böyük müharibə də ola bilər, lokal müharibə davam edə bilər. Qəzza zolağını nəzarətə götürmək üçün İsrailin artıq hücuma başlayıb. Hizbullah prosesə qoşulması mümkündür. İranın digər proksilərinin də İsrailə hücumlarının başlaması mümkündür. İndi məsələ o qədər dolaşıq və zidiyyətlidir ki, hadisələrə birmənalı qiymət vermək qeyri-mümkündür.