Kirayə evlərlə bağlı maraqlı fakt: Manat ucuzlaşdıqca ödənişlər bahalaşacaq

Cəmiyyət

25.01.2020 - 10:50

Ekspert: “Bunu sosial layihə adlandırmaq olmaz, əksinə cəmiyyətdə aqressiyaya səbəb olur”

 

Bir neçə il öncə “sosial evlər” adı altında təqdim olunan layihə, sonradan əsl sosiallığından uzaqlaşdı və adı “güzəştli mənzillər”ə çevrildi. Halbuki, evi olmayan gənc və aztəminatlı ailələrin sevincinə səbəb olmuşdu.

 

Ötən il İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən daha bir layihə meydana çıxdı - kirayə evlər. Elanlarda bildirilirdi ki, 20 il müddətinə evlər faizsiz, öz qiymətinə vətəndaşlara təqdim olunacaq. Bu günlərdə açıqlanan qiymətlər isə hər kəsi heyrətləndirdi. Belə ki, kirayə evlərin bir kvadratmetri 1800 manatdan başlayan qiymətlərlə satılacaq.

 

Əmlak Ekspert Mərkəzinin (ƏEM) rəhbəri Ramil Osmanlı AYNA-ya şərhində deyib ki, İKZF adından açıqlanan rəqəmlər yekun rəqəmlər deyil: “Fondun nümayəndələri ilə danışdım. Onlar bildirdilər ki, bu, yekun rəqəmlər deyil. Eyni zamanda bu rəqəmlərin məntiqi yoxdur. Xırdalan şəhəri ilə “Neftçilər” metrostansiyası ərazisində yerləşən evlərin qiymətlərinin eyni olması mümkün deyil. Ümumiyyətlə, mən evlərin kvadratmetr üzrə orta qiymətlərinin açıqlanmasının tərəfdarı deyiləm. Burada söhbət mənzilin aylıq kirayə qiymətindən getməlidir, nəinki alış üzrə kvadratın orta dəyərindən”.

Təranə Xudabaxşiyeva