“Həlak olanların kimliyi dəqiqləşəndən sonra onların cənazələri Vətənə gətiriləcək”
"Hadisənin səbəbləri barədə indi heç nə deyə bilmərik”. AYNA APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasının səbəbləri barədə suala cavabında deyib.
Nazir bildirib ki, Qazaxıstan tərəfindən istintaq qrupu yaradılıb: “Eyni zamanda, bizim də Baş Prokurorluq və Mülki Aviasiya Qurumunun nümayəndələri orada iştirak edir. Ekspertlərin verdiyi qərardan sonra təyyarə qəzasına səbəblər barədə açıqlama veriləcək”.
“Həlak olanların kimliyi dəqiqləşəndən sonra onların cənazələri Vətənə gətiriləcək. Xəsarət alanların Azərbaycana gətirilməsi indiki halda həkimlər tərəfindən məsləhət bilinməyib. Həkimlərin məsləhətinə görə, onların hazırda psixoloji durumu buna uyğun deyil. Sabah, ya o biri gün yüngül xəsarət alanlar ölkəyə gətiriləcək”, - nazir qeyd edib.