"Vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı 1 000 yox, bəlkə, 10 min, 20 min, bəlkə də, daha çox olardı"
"Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, mərhələ-mərhələ bu tədbirlərin sərtləşdirilməsi, eyni zamanda pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir".
AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.
"Statistikada müsbət dinamika olsa da, biz bundan sonra da vəziyyəti nəzarətdə saxlayacağıq. Görəcəyik ki, bu dinamika nə qədər çəkəcək, bu dinamika davamlıdır yoxsa yox. Və hansı əlavə tədbirlər görülməlidir. Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu, düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır", - dövlət başçısı əlavə edib.
Prezident bildirib ki, son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika müsbətdir: "Yəni daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur. Bunun başlıca səbəbi görülmüş tədbirlərdir. Bir daha demək istəyirəm ki, əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı 1 000 yox, bəlkə, 10 min, 20 min, bəlkə də, daha çox olardı. Biz indi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Bu ölkələrdə səhiyyə sistemi bir çox ölkələr üçün nümunə olub. Amma, demək olar ki, böyük imkanlara malik olan ölkələrin səhiyyə sistemi böhran içindədir. Bu da təbiidir. Çünki xəstəliyin yayılma sürəti o qədər genişdir və o qədər tez yayılır ki, heç bir ölkənin səhiyyə sistemi buna davam gətirə bilməz, o cümlədən Azərbaycanın. Ona görə də bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qarşısını almaq idi. Bu yoluxma zəncirini qırmaq idi. Bütün görülmüş tədbirlər bu məqsədi güdürdü ki, biz az itkilərlə bu vəziyyətdən çıxaq, vətəndaşlara köməklik göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək".