Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir – <font color=red> RƏSMİ</font>

Cəmiyyət

24.03.2020 - 13:17

DİN sözçüsü: “Hansısa vətəndaşlar bilməyərəkdən küçələrə çıxır və gəzirlər”

 

Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən bu gündən ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Bu rejim çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib.

 

Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Daxil İşlər Nazirliyinə həvalə olunub. Buna baxmayaraq, hazırda karantin qaydalarını pozaraq, küçələrə çıxan yaşlı insanlar müşahidə edilir.

 

Bəs belə məqamda sağlamlıqlarını təhlükə altına alaraq, karantin rejiminin tələblərini pozan ahıllarımızı nə gözləyir? AYNA xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın bu yöndə sorğusuna cavab verib.

 

“Hər kəs sağlamlıq naminə qoyulan qadağalara riayət etməlidir. Ola bilər ki, hansısa vətəndaşlar bilməyərəkdən küçələrə çıxır və gəzir. Onlar anlamalıdırlar ki, görülən tədbirlər vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunması məqsədini güdür. Yaşlı, gənc demədən hər birimiz bütün tədbirlərə ciddi riayət etməliyik. Sevindirici haldır ki, böyük əksəriyyət qadağalara əməl edir, atılan addımları anlayışla qarşılayır”, - o deyib.

 

O ki qaldı qadağaları pozan 65 yaşdan yuxarı şəxslərlə bağlı tədbirlərə, DİN rəsmisi qeyd edib ki, ilk növbədə onlarla maarifləndirici və izahedici danışıqlar aparılacaq: “Karantin rejiminin tələblərini pozaraq küçələrə çıxan ahıllara xəbərdarlıq edilərək evlərinə yola salınacaqlar”.

Müəllif: Ayna.az