Kanadadakı azərbaycanlı icması yürüş keçirib

Xəbərlər

03.11.2020 - 13:06

Aksiyada ermənilərin Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı törətdiyi terror aktları pislənib

 

Kanada ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumatlandırmaq məqsədilə Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə Kalqari şəhərində dinc etiraz yürüşü keçirilib.

 

Diasporla İş Üzrə Dövlət Komitəsindən AYNA-ya verilən xəbərə görə, Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv reportajlar verən “Globe And Mail” və “The Canadian Press” media şirkətlərinin ofisləri önündən başlayan yürüş Kalqari şəhər bələdiyyəsinin binası qarşısında sona çatıb.

 

Aksiyada təcavüzkar Ermənistan ordusunun Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı törətdiyi terror aktları pislənib.

 

Soydaşlarımız Kanada mediasından hadisələri qərəzsiz və reallığa uyğun işıqlandırmağı tələb ediblər.

 

Aksiyada ermənilərin terrorçuluq hərəkətləri ilə bağlı məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib, “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son!”, “Media, həqiqəti xəbər ver!”, “Yaşasın Azərbaycan!” kimi şüarlar səsləndirilib.

 

Sonda Azərbaycan Respublikasının dövlət himni oxunub. Kanadanın CTV telekanalı yürüşlə bağlı reportaj yayımlayıb.

Müəllif: Ayna.az