Kaliqulanın İnsitatı, AFFA-nın De Biasisi – 2 min ildə çox şey dəyişsə də, hər şey dəyişmədi

İdman

05.12.2021 - 10:29

Federasiya rəhbərliyinin amorf italyan mütəxəssisinə niyə bu qədər sevgisi var?

Qədim Romada daha çox Kaliqula kimi tanınan Gaius Julius Caesar Augustus Germanicus adlı imperator var idi. Onun sevimli atı vardı - İnsitat. Rəvayətə görə, imperatorun bu heyvana patologiya həddinə çatan böyük sevgisi olub.

Svetoni “On iki Sezarın həyatı” əsərində yazır ki, Kaliqula bu ayğırı o qədər sevirdi ki, ona fil sümüyü axurlu mərmər tövlə, qızılı içki qabı hazırlatdırır, bənövşəyi rəngli xalatlar və mirvari bəzəklər verirdi. Sonra ona qulluqçuları və qab-qacaq olan bir saray bağışladı - harada ki, o, atın adından qonaqlar dəvət edir və həvəslə qəbul edirdi. Əvvəlcə Kaliqula onu Roma vətəndaşı, sonra senator etdi və nəhayət, konsul vəzifəsinə namizədlər siyahısına daxil etdi. Dion Kassiy əmin edir ki, Kaliqula öldürülməsəydi, atını konsul edəcəkdi...

O vaxtdan iki min il keçib. Bu dövrdə bəşəriyyət inkişafda böyük bir sıçrayış edib, demək olar ki, hər şey dəyişib və görünür ki, indi yuxarıda təsvir olunan hadisələr baş verə bilməz. Ancaq deyəsən, bu, yalnız sözdə belədir. Hadisələr sübut edir ki, Kaliqulanın işi bu günə qədər yaşayır. Düzdür, bir az örtülü, hansısa kamuflyajda, amma yaşayır.

Bunu AFFA İcraiyyə Komitəsinin son qərarı sübut edir. Ona əsasən, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi bu vəzifəni 2022-ci ilin oktyabrına qədər saxlayıb. Baxmayaraq ki, ölkənin demək olar ki, bütün idman ictimaiyyəti öz qəti mövqeyini dəfələrlə ifadə edib: italyan getməlidir, ölkənin əsas komandasının başında qaldığı hər gün milli üçün geriyə böyük bir addımdır.

Amma AFFA yenə də bütün pis variantlardan ən pisini seçdi. Yığmanı yenidən De Biasi çalışdıracaq. Baxmayaraq ki, bu məşqçi öz addımları ilə, az qala 1,5 ilə yaxın müddətdə azarkeşlərə hansı komanda yaratmaq istədiyini, futbol meydançasında hansı taktikaya üstünlük verdiyini, hansı üstünlüklərə malik olduğunu başa sala bilmədi.

De Biasiyə qarşı sərt statistika çıxış edir. İtaliyalının nəticələrini (20 oyunda 2 qələbə, 6 heç-heçə və 12 məğlubiyyət) ən yaxın sələflərinin nailiyyətləri ilə müqayisə etsək, sadəcə, üzücü mənzərə yaranır. Məsələn, 2014-2017-ci illərdə Azərbaycan millisi Robert Prosineçkinin rəhbərliyi altında 23 oyun keçirib - 6 qələbə olub, 6 dəfə komandalar heç-heçəyə razılaşıb, 11 dəfə qələbəni rəqiblərimiz qazanıb.

Xorvatı əvəzləyən Qurban Qurbanovun nəaliyyəti daha layiqlidir. 2017-2018-ci illərdə ölkənin əsas komandasını 12 dəfə meydana çıxarıb. Onun rəhbərliyi altında futbolçularımız 4 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, cəmi üç dəfə məğlub olub. Lakin sonradan AFFA Qurbanovu istefaya göndərərək, bu rəqəmi qəbuledilməz hesab edib.

Bəs indi? Prioritetlər həqiqətənmi bu qədər dəyişdi? Yoxsa federasiyanın amorf italyan mütəxəssisinə, bir növ 21-ci əsrin İnsitatına bir növ pərdəarxası sevgisi var? Çünki AFFA-nın seçiminin məntiqi izahı yoxdur. Federasiya yenə ekspertlərin, jurnalistlərin və adi azarkeşlərin fikirlərinə əhəmiyyət vermədi. Bu isə o deməkdir ki, biz daha bir il millinin sönük oyunlarını, ardınca De Biasinin tutarsız “izahları” və məğlubiyyətin əslində heç də pis olmadığına, sürətli inkişafın göstəricisi olduğuna dair sözlərini eşidəcəyik.

Belə çıxır ki, bu inkişafın göstəricisi yalnız italiyalının özünə və AFFA-dakı havadarlarına məlumdur. Bizim futbolumuza, hər şeydən əvvəl özümüzə - sıravi azarkeşlərə ürəkdən yazığımız gəlir. Göründüyü kimi, nə qədər ki, federasiyada qərarlar kaliqulalar tərəfindən verilir, biz sadəcə olaraq daha yaxşı aqibət gözləyə bilmərik və biz Azərbaycan futbolunun senatoru kimi bizə sırınan İnsitatla barışmalı olacağıq.

Müəllif: Vüsal Əliyev