"Qarabağ" qələbə qazanıb

İdman

07.08.2019 - 02:19

Çempionlar Liqasında III təsnifat mərhələsi start götürüb. AYNA APA-ya istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Kiprin APOEL klubu ilə qarşılaşıb.

 

Səfərdə oynayan Ağdam klubu Nikosiyadakı GSP stadionuna qələbə iddiası ilə çıxıb. Oyunun bərabər mübarizə şəraitində keçən ilk yarısında qol vurulmayıb.

 

Fasilədən sonra daha yaxşı təsir bağışlayan Qurban Qurbanovun yetirmələri qələbə qazandıran qollara imza atıblar. Öncə Mahir Emreli, ardınca Queye Maqaye meydan sahiblərinin qapısına yol tapıblar. Kiprlilər isə yalnız təsəlli qolu vurmağa nail olublar.

 

Bu, Ağdam klubunun cari mövsümdə ilk səfər qələbəsi olub. Əvvəlki mərhələlərdə rəqib meydanında heç-heçə, evdə qələbə prinsipi ilə irəliləyən “Qarabağ” bu dəfə ilk qarşılaşmada cütün taleyinə böyük ölçüdə aydınlıq gətirib. Çünki APOEL Bakıda ən azı iki qol vurmalıdır ki, bu da o qədər inandırıcı deyil.

 

Bunadək Albaniya “Partizani”si (0:0, 2:0) və İrlandiya “Dandalk”ını (1:1, 3:0) mübarizədən kənarlaşdıran çempionumuz məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. Kiprdə əldə olunan qələbə həm də tarixi əhəmiyyət kəsb edib. Bu, Azərbaycan klublarının avrokuboklar tarixində qazandığı yubiley - 100-cü qələbə olub.

 

Qeyd edək ki, “Qarabağ”la APOEL arasında cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək. Bu cütün qalibi pley-offda PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya), məğlubu isə Avropa Liqasının pley-offunda “Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) cütünün güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası - III təsnifat mərhələsi, ilk oyun - Çempionlar yolu


6 avqust
21:00. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) - 1:2
QOLLAR: Merkis, 90+5 - Emreli, 54, Maqaye, 69
Baş hakim: Davide Massa (İtaliya)


APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 10. Tomas De Vinsenti (K), 11. Musa Süleyman, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praksitelis Vouros, 30. Giorqos Merkis, 44. Nkolas İoannou, 70. Antonio Yakoliş, 91. Draqan Mixayloviç


Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 13. Kevin Lafrans, 71. Andre Cuna Vidiqal, 89. Roman Bezyak, 95. Alef dos Santos Saldanya

Baş məşqçi: Paolo Trametsani


Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.


Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.


Nikosiya. GSP stadionu

Müəllif: Ayna.az