“Kafe Yaşma”da sanitar normalar pozuldu

Xəbərlər

12.04.2021 - 11:46

Xızıda ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

 

AQTA-dan AYNA-ya verilən məlumata görə, Xızı rayonunun Yeni Yaşma kəndində fiziki şəxs Məmmədov Qiyas Məmmədtağı oğluna məxsus “Kafe Yaşma” ictimai iaşə müəssisəsində yoxlama aparılıb.

 

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi məlum olub. Kafedə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, xammalların müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Eyni zamanda kafedə çalışan işçilərin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib.

 

Müəssisədə xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam edir.

Müəllif: Ayna.az