Hazırda dünya əhalisinin 56 faizi şəhərlərdə yaşayır
Azərbaycanın paytaxtı 2019-cu il üzrə dünyanın ən təhlükəsiz şəhərləri reytinqinin ilk 50-liyində qərarlaşıb. AYNA xəbər verir ki, sözügedən reytinq “The Economist İntelligence Unit” (EİU) analitik mərkəzi və “The Economist” dərgisi tərəfindən tərtib edilib.
Reytinq siyahısına görə Bakı maksimum 100 xaldan 56,4 xal toplayaraq 49-cu yeri tutub. Reytinqdə qeydə alınan 60 şəhər rəqəmli təhlükəsizlik, səhiyyə xidmətləri, infrastruktur, fərdi təhlükəsizlik daxil olmaqla, 57 müxtəlif göstərici əsasında dəyərləndirilib.
Belə ki, Kopenhagen, Dubay, Laqos şəhərləri ilə yanaşı, reytinqə ilk dəfədir qiymətləndirilən Bakı rəqəmli təhlükəsizliklə bağlı siyahıda 51,7 xalla 46-cı yerdə, səhiyyə təhlükəsizliyi ilə bağlı siyahıda 64 xalla 41-ci yerdə, fərdi təhlükəsizlik baxımından 63,7 xalla 49-cu yerdə, infrastruktur təhlükəsizliyi üzrə isə 46,3 xalla 54-cü yerdə qərarlaşıb.
Reytinqdə birinci yeri Tokio tutub. Sonrakı yerlərdə ardıcıllıqla Sinqapur, Osaka, Amsterdam, Sidney, Toronto, Vaşinqton, Kopenhagen, Seul, Melburn qərarlaşıb.
Araşdırma müəlliflərinə görə, hazırda dünya əhalisinin 56 faizi şəhərlərdə yaşayır və 2050-ci ildə bu rəqəm 68 faizə çatacaq.