Jurnalistin hədələnməsinə görə Fransaya etiraz

Xəbərlər

25.10.2020 - 18:51

Qarabağdan reportaj hazırlayan Budulun Fransa erməniləri tərəfindən təhdid olunur

 

İki gün öncə Fransanın TF1 telekanalının əməkdaşı Liseron Budulun Azərbaycan ərazisi olan Qarabağdakı cəbhə xəttindən hazırladığı reportaja görə Fransadakı ermənilər tərəfindən ölümlə hədələnib. Bu barədə AYNA-ya Beynəlxalq Qəzetçilər Konseyinin (KGK) xarici əlaqələr üzrə katibi, Modern.az saytının rəhbəri Elşad Eyvazlı bildirib.

 

Etiraz bəyanatında jurnalist, həmkarı Liseron Budulunun şiddətə məruz qalmasını, hətta həmkarının reportajının saytdan çıxarılmasını qınadığını bildirib.  KGT adından çıxış edən Elşad Eyvazlı özünü dünyanın siyasi mərkəzi hesab edən Fransa hökumətindən bu məsələ ilə bağlı  təcili tədbirlər görülməsini, beynəlxalq hüquqları ayaq altına atan, jurnalisti ölümlə hədələyən Fransa vətəndaşlarının qanun qarşısında cavab vermələrini tələb etdiyini deyib: “Əks halda Fransanın adı jurnalistlərin peşə fəaliyyətinin məhdudlaşdırıldığı,  söz azadlığının boğulduğu ölkələr sırasına düşəcək. Bir daha jurnalist həmkarımızla bağlı baş vermiş xoşagəlməz faktdan dərin təəsüüf hissi keçirir, təhdidi kəskin şəkildə pisləyir, Fransa hökumətindən təcili addımlar atılmasını istəyirik”.

Müəllif: Ayna.az