İtaliyada mafia üzvü olmaqda şübhəli bilinən 59 nəfər tutulub

Dünya

09.06.2020 - 16:10

Aralarında “İrəli, İtaliya” partiyasından olan senatorun üç qardaşı da var

 

İtaliyada mafiya fəaliyyəti ilə məşğul olmaqda ittihamı ilə 59 nəfər həbs edilib. AYNA xarici mediaya istinadən bildirir ki, əməliyyat Neapolun Kamorra cinayətkar təşkilatının üç klanına zərbə vurub.

 

Təhqiqat sahibkarlıq və siyasət sahəsində sıx əməkdaşlıq edən şəbəkəni ifşa edib. Həbs olunan şəxslər mafiya təşkilatı qurmaqda, seçkilərin keçirilməsi zamanı korrupsiya hallarına yol verməkdə, zorla və şantajla pul mənimsəmədə, hərraclarda dələduzluqla məşğul olmaqda ittiham olunurlar.

 

Məlumata görə, şübhəlilər arasında İtaliyanın sabiq Baş Naziri Silvio Berluskoninin “İrəli, İtaliya” partiyasından olan senator Luici Çezaronun üç qardaşı da var. Kamorra təşkilatının digər təhqiqatında adları keçən qardaşlardan ikisi ev dustağı edilib. Neapol ətrafındakı tibb mərkəzlərindən birinin sahibi olan digər qardaş isə həbs olunub.

 

Müəllif: Ayna.az