İrəvandan sülh prosesini pozmağa cəhd: Ermənistan yeni müharibə həvəsinə düşdü?

Siyasət

13.12.2023 - 14:15

Politoloq: “Mirzoyan səviyyəsində verilən bəyanat sülh sazişinin tezliklə imzalanacağına şübhələri artırır”  

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə “Şərq tərəfdaşlığı” ölkələrinin XİN başçılarının iclasında Ermənistan-Azərbaycan sülh danışıqları məsələsindən danışıb. Mirzoyan qeyd edib ki, Ermənistan tərəfi Qranadada qəbul edilmiş prinsiplər əsasında sülh istiqamətində irəliləməyə hazırdır. Onun sözlərinə görə, İrəvan üçün sülh sazişinin Qranadada qəbul edilmiş prinsiplərə əsaslanması məqbuldur.

Məlumdur ki, Fransanın Azərbaycana qarşı addımları səbəbindən Azərbaycan tərəfi Qranada görüşündə iştirak etməyib. Həmin görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə bəyanat qəbul olunub. Rəsmi Bakı isə iştirakı olmadan verilən bəyanatı qəbul etmir. Mirzoyan yenidən Qranadada qəbul olunmuş bəyanatı gündəmə gətirməklə sülh prosesini uzatmaq niyyətini ortaya qoymuş olur.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Fikrət Sadıqov ümumiyyətlə, Qranadada Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində hansısa prinsiplər təsdiq edilməyib:

- İkincisi, Qranada Azərbaycan tərəfinin iştirakı olmadan keçirilən görüşdən sonra verilən bəyanata əsaslanmaq, ona uyğun Bakıya hansısa şərt irəli sürmək gülüncdür. Bu, reallığa uyğun deyil. Azərbaycan qalib dövlətdir, diktə edən tərəfdir və öz sülh təkliflərini də İrəvana təqdim edib. Ermənistan isə bu təklifləri qoyub, Qranadada qəbul edilmiş hansısa bəyanatdan danışır, sülh istiqamətində bu bəyanat əsasında irəliləmək niyyətində olduğunu bəyan edir. Bu, sülhdən yenidən yayınma siyasətidir. Rəsmi İrəvan anlamalıdır ki, Qranada görüşündə Azərbaycan lideri iştirak etməyib. İlham Əliyevin bu görüşdən imtinasının da kifayət qədər əsası var. Azərbaycan Prezidenti mövqeyini ortaya qoydu ki, bizi hədələyən, maraqlarımıza zidd bəyanatlar səsləndirən Fransa Prezidenti ilə eyni masada oturmaq istəmir. Ermənipərəstlərin yığılıb keçirdiyi görüşdə qəbul edilən bəyanatı Azərbaycanın qəbul etməsi, buna uyğun sülh sazişinin imzalanması mümkün deyil.

Yenə deyirəm, bu bəyanat rəsmi Bakı üçün boş bir kağız parçasıdır. Çünki orada qeyd olunan məqamlar tamamilə Azərbaycanın maraqlarına ziddir. Maraqlarımıza zidd sənəd əsasında Bakının sülh sazişi imzalayacağını gözləməsinlər. Mirzoyan Qranada prinsiplərindən danışmaqla yanlışlığa yol verir. Ermənistan XİN başçısının dedikləri prinsiplər yox, hüquqi sənəd olmayan bəyanatdır. Rəsmi Bakı təklif verib və o təkliflər İrəvan tərəfindən də, maraqlı qüvvələr tərəfindən də qəbul olunmalıdır. Hansı ki, bu təkliflər həm Bakının, həm də İrəvanın maraqlarına tam cavab verir.

- Azərbaycan və Ermənistan hökumətlərinin birgə bəyanatı sülh sazişinin yaxın zamanlarda imzalanacağına inamı artırıb. Mirzoyanın Qranada prinsiplərini gündəmə gətirməsi yenidən prosesin ləngiməsinə səbəb ola bilərmi?

- Ermənistan rəsmilərinin sülhlə bağlı bəyanatlarına Bakı ciddi yanaşmır. Çünki Ermənistan rəhbərlərinin açıqlamaları çox zidiyyətlidir. Ona görə də, İrəvandan verilən bəyanatlara inam azdır. Yenə deyirəm, Bakının təklifləri var, bu təkliflər əsasında Azərbaycan sülh sazişini imzalamağa hər an hazır olduğunu bəyan edib. Bakının mövqeyi birmənalıdır. Amma Ermənistan zidiyyətli mövqeyi ilə problemlər yaradır, prosesə əngəl törədir.

Onlar hesab edirlər ki, etnik ermənilər Qarabağa qayıtmalıdır, onlara müəyyən şərait yaradılmalıdır, orada beynəlxalq təşkilatların nümayəndələri nəzarət funksiyasını yerinə yetirməlidirlər və s. Bunların hamısı əsassız şərtlərdir. Məsələn, İrəvanın dediyi Qranada bəyanatında göstərilir ki, ermənilər Qarabağa qayıtmalıdır. Qayıtsın da, Bakı buna mane olmur ki... Azərbaycan əvvəldən deyib ki, Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinə zəmanət verir. Ermənilər bölgəni tərk edərkən dəfələrlə rəsmi şəkildə bəyanatlar verdi, müraciət etdi ki, qalsınlar, vətəndaşlığı qəbul etsinlər, yaşasınlar. Hətta erməni dilində müraciət yayımlandı, çağırışlar edildi. Mirzoyan belə çıxışlarla, bəyanatlarla İrəvanın sülh prosesini uzatmağa çalışdığını sərgiləyir. Bunun başqa yolu yoxdur.

- Yəni sülh prosesi yenidən dalana dirənir?

- Mən inanmıram ki, ilin sonunadək sülh sazişi imzalansın. Amma digər  həqiqət də odur ki, sülhlə bağlı bir sıra məsələlər artıq həllini tapıb. Əsirlərin dəyişdirilməsi, tərəflərin etimadın yaranması ilə bağlı birgə açıqlama yayması prosesin getdiyini göstərir. Bunlar müsbət amillərdir. Amma bunlar onu deməyə əsas vermir ki, yaxın bir neçə gün və həftə ərzində yekun sülh müqaviləsinə imza atılacaq. Xüsusilə, rəsmi İrəvandan nazir səviyyəsində verilən bəyanat sülh sazişinin tezliklə imzalanacağına şübhələri artırır.

- Rəsmi İrəvanın sülhdən yayınmaqda məqsədi nədir, yeni müharibə?

- Görünür, Fransanın dəstəyi, köhnə hərbi texnika tədarükü Ermənistanı nəyəsə ruhlandırır. Məncə, Ermənistan və onun hakimiyyəti yanılmamalıdır. Fransa regiona sahiblik edə bilməyəcək. Burada kifayət qədər iri regional oyunçular var ki, onların bölgə ilə bağlı maraqları mövcuddur. Həmin güclər Parisin Cənubi Qafqaza müdaxiləsinə imkan verməyəcəklər. Fransa Ermənistanın yanındadırsa, bunda bir problem yoxdur. Amma əgər sülh prosesində Paris vasitəçilik etmək istəyirsə, tərəf tutmamalıdır. Bunu Azərbaycan əsla qəbul etməyəcək. Ona görə də İrəvan ağlını başına yığmalıdır, reallığı tez qəbul etməlidir. Ermənistan sadəlövhlüyünü bir kənara qoyub reallığı nə qədər tez dərk etsə, bir o qədər özü üçün yaxşıdır.

Müəllif: Anar Bayramoğlu