Hikmət Babaoğlu: “Prezident xanım jurnalistə özünü və məqsədini daha düzgün ifadə etməsi üçün bir neçə şans verdi”
Bahəddin Həzi: “Xüsusi xidmət orqanları xarici ölkələrdə, beynəlxalq səviyyədə işləyən jurnalistlərə biganə deyillər”
Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi 4 satdan artıq çəkən mətbuat konfransında diqqət çəkən məsələlərdən biri də, iranlı jurnalistin sualı ilə bağlı oldu. Belə ki, “İran” Xəbər Agentliyinin müxbiri Azərbaycan Prezidentinə “Cənab Prezident, hazırda terrorçuluq beynəlxalq icma üçün böyük bir çağırışdır. Dağlıq Qarabağ müharibəsində terrorçu qrupların iştirakı barədə xəbərlər yayılmışdı və bu da regional ölkələrə təsir göstərib. Hansı kollektiv şəkildə tədbirlər aparılmalıdır ki, bu cür çağırışa cavab verilsin və Azərbaycan Respublikası bu konteksdə hansı tədbirləri atmalıdır?” sualını verib.
İ.Əliyev jurnalistin təxribatçı sualına cavab vermədən əvvəlcə sualı aydınlaşıdırmaq istəyib: "Siz terrorçu qruplar barədə hesabatlar dedikdə bəzi istinadlar vermisiniz. Siz dəqiqləşdirə bilərsiniz, hansı hesabatlar barədə danışırsınız?".
Daha sonra Prezident mikrofonun həmin jurnalistə ötürülməsini istəyib.
Jurnalist isə deyib: “Biz bəzi hesabatlarda, regional xəbər agentliklərindən bunu eşitmişik. İcazə versəniz, mən onları söyləməzdim”.
Daha sonra çıxış edən Prezident İlham Əliyev deyib ki, jurnalistin sualı bir növ ittihama bənzəyir: “Ona görə mən bilmək istəyirəm, hansı hesabatlara istinad edirsiniz? Çünki bəzi “hesabatlar” sözünü hamı deyə bilər. Siz mənə mənbə verə bilərsiniz? Heç olmasa, bir mənbə”.
Jurnalist daha sonra Prezident İlham Əliyevin ona ünvanladığı sualdan boyun qaçıraraq, Prezidentdən növbəti sualına cavab verməyi xahiş edib.
Prezident isə qonşu ölkənin xanım media nümayəndəsinə irad bildirib: “Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir. Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Onlar üçün ağrılı məsələdir ki, onları Azərbaycan əsgəri məhv edib. Sizə tövsiyəm o olardı ki, spekulyasiyalarla məşğul olmayasınız. Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”.
Bir çox ekspertlər və media nümayəndələri İrandan olan jurnalistin təxribatçı sualını təasadüf saymadıqlarını bildirirlər. Qeyd edilir ki, həmin xanım mətbuat təmsilçisi öyrədilmiş şəkildə belə təxribatçı sual ünvanladı. Amma belə təxribat xarakterli sualı hazırlayan hansısa dairələrə əlbəttə, Prezident lazımi cavabı verdi.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu AYNA-ya deyib ki, istənilən halda, verilən sual da, alınan cavab da müəyyən mənada həm də niyyət bəyanıdır.
Onun sözlərinə görə, hər hansı bir fərd əgər doğru olmayan yerdə doğru olmayan mövzudan danışırsa, demək ki, onun zehni də, ətrafındakı informativ mühit də məhz həmin mövzuya köklənib: “Bu informasiya platformasında da belədir. Ona görə də biz hazırda terrordan danışarkən həm də informasiya terrorundan danışırıq”.
“İranlı jurnalistin Azərbaycan Prezidentinə verdiyi suala gəldikdə isə mən daha çox həmin jurnalistə Azərbaycan Prezidentinin verdiyi cavabdan danışmağa üstünlük verərdim. Prezident İlham Əliyev əvvəlcə xanım jurnalistə özünü və məqsədini daha düzgün ifadə etməsi üçün bir neçə şans verdi. Sonra isə Azərbaycanın sülhə və əməkdaşlığa kökləndiyini və bu sülh və əməkdaşlıq prosesində qonşu İranı da tərəfdaş kimi gördüyünü bəyan etdi. Bunula da ölkə başçısı öz niyyətini və məqsədini bir daha bəyan etmiş oldu”, - baş redaktor vurğulayıb.
H.Babaoğlunun qənaətincə, mövzunu dəyişdirərək əsassız terror mövzusuna yönləndirmək istəyənlər öz mövzuları ilə identiklik təşkil etməklə məqsədlərinə nail ola bilmədilər: “Əslində bundan daha artıq nə isə demək mənə elə gəlir ki, iranlı jurnalistin ortaya atdığı mövzunu davam etdirmək olardı. Bu isə bizə lazım deyil. Hazırda Azərbaycanın informasiya gündəmi, qələbə, quruculuq, əməkdaşlıq və tarixi böyük qayıdışdır”.
“Bizim Yol” qəzetinin baş redaktoru Bəhəddin Həzi isə bildirib ki, əslində hər cür jurnalistin hər cür sual vermək hüququ var. Bununla yanaşı, jurnalist hesab edir ki, verilən sualın özünün də əsası olmalıdır.
“İranlı jurnalistin sualında ittiham vardı. Əlbəttə, təsadüfi deyildi -məqsədli hazırlanmış sual idi. Bu, Azərbaycanı dolayısı ilə terrorçuluqda ittiham etmək cəhdi idi. Xatırladım ki, müharibə zamanı oxşar sualı bir az daha diplomatik formada alman jurnalist də vermişdi. O zaman da olduğu kimi, bu dəfə də Prezident jurnalisti öz sualından imtina edəcək qədər çətin duruma saldı. Yəni, ittihamvari suala bundan daha adekvat reaksiya ola bilməzdi”, - B.Həzi qeyd edib.
Baş redaktorun fikrincə, həmin iranlı jurnalistin kimliyi də önəmlidir: “Görünür ki, o xanım sadəcə jurnalist deyil. Məlumdur ki, xüsusi xidmət orqanları xarici ölkələrdə, beynəlxalq səviyyədə işləyən jurnalistlərə, belə deyək, biganə deyillər. Məncə, əlavə şərhə ehtiyac qalmır”.