Ərəstun Oruclu: ““Gürcü Arzusu” çalışacaq ki, müxalif koalisiyadakı hansısa partiyanı və ya partiyaları öz tərəfinə çəksin, öz koalisiyasını qursun”
Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinə ölkə Prezidenti Salome Zurabişvilinin qeyri-rəsmi liderlik etdiyi müxalifət koalisiyası etiraz edir. Parlamentdə yerlər qazanan dörd partiya seçkilərin nəticələrini tanımır və mandatlarından imtina etdiklərini bəyan edirlər. Koalisiya oktyabrın 28-də paytaxt Tiflisdə, parlament binması qarşısında izdihamlı mitinq keçirib və yüz minlərlə etirazçı tədbirə qatılıb. Dinc şəraitdə keçən mitinqdə müxalifət qüvvələri hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsini tanımadığını, yeni seçkilərin keçirilməsini tələb etdiklərini açıqlayıblar. Koalisiya qüvvələri mitinqlərin davamlı olacağını bəyan etsə də, konkret gün təyin etməyiblər.
Gürcüstanda keçirilən parlament seçkilərini ABŞ və Avropa İttifaqı (Aİ) tənqid edib və prosesin qanun pozuntuları ilə yadda qaldığını, hakim “Gürcü Arzusu”nun xeyirinə saxtalaşdırıldığını bəyan ediblər. Bildirilir ki, ABŞ Dövlət Departamenti və Aİ-nin Xarici siyasət üzrə Ali Nümayəndəliyi seçkilərdəki qanun pozuntularını araşdırmaq üçün qurum axtarışındadır və məsləhətləşmələr aparılır.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. MSK-nın məlumatına görə, 3111 seçki məntəqəsindən 3109-nun (99 936 faiz) protokolları nəzərdən keçirilib. Məlumata görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 53,93 faiz səs (1 milyon 118 min 796 səs) toplayıb. İkinci yerdə 11,03 faiz səslə (228 821 səs) “Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” qərarlaşıb. “Birlik – Milli Hərəkat” 10,16 faizlə (210 787 səs) üçüncü, “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq naminə” 8,81 faizlə (182 839 səs) dördüncü, “Gürcüstan naminə Qaxariya” Partiyası isə 7,77 faizlə (161,215 səs) beşinci yerdə qərarlaşıb.
Qonşu ölkədə bundan sonra baş verəcək siyasi proseslərlə bağlı AYNA-nın suallarını “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb. Analitik qeyd edib ki, Gürcüstanda hadisələrin necə cərəyan edəcəyi bir çox amillərdən asılıdır:
- Müxalifətin hansı mövqe tutacağı, iqtidarın hansı mövqe göstərəcəyi və Gürcüstan siyasətinə təsir edən amillər burada öz təsirini göstərəcək. Rusiya “Gürcü Arzusu”nu nəyə sövq edəcək, yaxud Qərb tərəfini tutduğu müxalifətin hansı yolu izləməsini istəyəcək, bu amillər çox önəmlidir. Ona görə də indi birmənalı proqnoz vermək çox çətindir. Ən azı dörd amil var ki, bunların hər birinin proseslərə ayrı-ayrılıqda və kompleks təsirləri var. Hadisələrin bundan sonrakı istiqamətini izləmək lazımdır.
- Prezident Zurabişvilinin qeyri-rəsmi lideri olduğu müxalifət koalisiyası seçkilərin nəticələrini tanımadı və etirazlara başladı. Bu etirazlar hansı effekti verəcək?
- Zurabişvilinin elan etdiyi etiraz aksiyaları davam edəcəksə, proses iki istiqamətdə gedə bilər: ya artan tendesiya olacaq, mitinlər güclənəcək, ya da zəifləyən xətlə gedəcək. Unutmayaq ki, etiraz edənlər müxalif koalisiyadır. İstisna deyil ki, koalisiyadan hansısa partiya ayrıla bilər, mandat qazanmış hansısa deputatlar gedib hətta “Gürcü Arzusu”na qoşula bilər. Yaxud da, kimlərsə müxalifət koalisiyası daxilində konflikt yarada bilər. Yəni ki, koalisiyalar hər zaman çox kövrək olur. Burada söhbət müxalif koalisiyanın seçkiləri tanıyıb-tanımamasından getmir. Bir çox məsələ koalisiyada olan partiyaların hansının hansı mövqe tutacağından asılıdır. Əgər koalisiyada olan müxalif partiyaların hər biri sonadək eyni mövqedən çıxış edəcəksə, əlbəttə, bu, “Gürcü Arzusu”nu müəyyən addımlar atmağa məcbur edə bilər. Amma yenə deyirəm, əsas sual budur: müxalif koalisiya hansı ana qədər birlikdə olacaq, nə vaxtadək daxilində ziddiyyətlər, parçalanmalar olmayacaq.
- Milyarder Bidzina İvanişvilinin arxasında dayandığı “Gürcü Arzusu” hansı addımı ata bilər?
- “Gürcü Arzusu”nun qarşıdurmaya getməsi inandırıcı görünmür. Hələlik qarşıdurmanın əlamətləri yoxdur. Əlbəttə, hakim partiya bütün addımlarını o istiqamətdə atacaq ki, hakimiyyəti qoruyub-saxlaya bilsin. “Gürcü Arzusu” parlamentdə yer qazanan ayrı-ayrı partiyalarla danışıqlara da gedə bilər, zorakılığa da əl ata bilər. Təbii ki, heç bir variant istisna deyil. Amma bu gün görünən odur ki, istər iqtidar olsun, istərsə də müxalifət, son dərəcə ehtiyyatlı davranmağa, qarşıdurmanın olmamasına üstünlük verir. Belə görünür ki, hazırkı situasiyaya heç kim hazır olmayıb – nə iqtidar, nə müxalifət. Yüksək ehtimalla, “Gürcü Arzusu” çalışacaq ki, müxalif koalisiyadakı hansısa partiyanı və ya partiyaları öz tərəfinə çəksin, öz koalisiyasını qursun. Bu halda, əlbəttə, “Gürcü Arzusu”nun arqumentləri güclənə bilər, müxalifət zəifləyə bilər. Və hakimiyyət yerdə qalan müxalif qüvvələrə qarşı fiziki gücdən – zorakılıqdan da istifadə edə bilər. Lakin dediyim kimi, birinci müxalif koalisiyanı sarsıtmaq, parçalamaq vacibdir. Düşünürəm ki, bu istiqamətdə addımlar atılacaq. Unutmayaq ki, “Gürcü Arzusu” hakimiyyətə keçmiş Prezident Mixail Saakaşvilidən narazı qüvvələri ətrafına toplamaqla, koalisiya yaratmaqla nail olmuşdu.
- Qərbin Gürcüstandakı proseslərə yanaşması bəllidir. Qərb koalisiyada birləşən müxalifəti dəstəkləyir. Müxalifət isə yeni seçkilərdə israrlıdır. Təzyiqlər qarşısında “Gürcü Arzusu” geri çəkilə, yeni seçkilərə gedilə bilərmi?
- Məncə, “Gürcü Arzusu” geri çəkilməyəcək. Hakimiyyət o zaman geri çəkilər ki, həqiqətən də bu addım üçün olduqca ciddi səbəblər olsun. Əgər “Gürcü Arzusu” geri çəkilsə və yeni seçkilərə gedilsə, məğlub olacaq. Bu, aksiomadır. Çünki belə halda müxalifət də imkan verməyəcək ki, ölkənin kənd rayonlarında saxtakarlıqlar təkrarlansın. “Gürcü Arzusu”nun yenidən seçkiyə getməsi atılması mümkün olan addımlar arasında bəlkə də ən sonuncusudur. Çünki gürcü hakim qüvvələr anlayırlar ki, yeni seçki birmənalı şəkildə, məğlubiyyətdir.
- Gürcüstan hakimiyyəti Avrointeqrasiya kursunun davam edəcəyini, Rusiya ilə barışığın olmayacağını bəyan edib. Bu mövqeyə etiraz edən xalq inanacaqlarmı?
- Seçkilərdən dərhal sonra Baş nazir İrakli Kobaxidze elan etdi ki, yenidən Avropa İttifaqı ilə münasibətlərin inkişafına çalışacaqlar. Rusiya mediasında belə yazılar yazılmağa başladı ki, guya İvanişvili Moskvanı aldadıb, Rusiyanın resurslarından istifadə edərək lideri olduğu “Gürcü Arzusu”nun qələbəsini təmin edib və guya Rusiyaya yox, Qərbə doğru siyasi xətt aparacaq. Amma rus mediasının yazdıqları yalandır, təbliğatdır, gürcü cəmiyyətində çaşqınlıq yaratmaqdır. “Gürcü Arzusu” Avrointeqrasiya kursuna uyğun siyasət həyata keçirə bilməz. Hətta istəsəydi də, artıq Qərbdən gələn çağırışlar, atılan addımlar buna imkan verməyəcək. Bu gün “Gürcü Arzusu” Avropada, ABŞ-da tərəfdaş kimi qəbul edilmir. Gürcüstan hakimiyyətinin seçkidən sonra Avrointeqrasiya barədə verdiyi müsbət mesajlar daha çox cəmiyyətdə çaşqınlıq yaratmaq üçündür. Cəmiyyət buna inanacaqmı, çətin ki, inansın. Hər kəsə aydındır ki, “Gürcü Arzusu” Rusiyadan asılıdır. Seçkilərdə də hakim partiyanın lehinə çalışanlar, kömək edənlərin hamısı Rusiyanın yandaşlarıdır, proksiləridir. Söhbət Gürcüstandakı hakim qüvvələrə dəstək verən xarici ölkələrdən gedir. Bu da onu göstərir ki, Moskva ilə Tiflis arasında çox yüksək səviyyədə ciddi anlaşma olub. “Gürcü Arzusu” bu anlaşmadan kənara çıxa bilməz. Seçkilərdən əvvəl “Gürcü Arzusu” işğal olunmuş Abxaziya və Cənubi Osetiyanı Rusiya işğalından qurtaracaqları vədini verirdi. Bu da başqa bir yalan idi, çünki buna nail ola bilməyəcəklər. Yalanlarla, Rusiya ilə anlaşmalarla “Gürcü Arzusu” Gürcüstanın Avropaya yolunu bağlamış oldu.