İlham Əliyev: “Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar”

Siyasət

14.10.2020 - 12:58

“Onların canını biz o kriminal xunta rejimindən xilas edəndən sonra onlar daha yaxşı yaşayacaq”

 

Azərbaycan Prezidenti İllam Əliyev Dağlıq Qarabağın erməni əhalisinə müraciət edib. AYNA-nın xəbərinə görə, ölkə başçısı Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsi zamanı deyib ki, sülhdən sonrakı dönəm üçün Azərbaycanın mövqeyində hər hansısa dəyişiklik yoxdur.

 

Prezident qeyd edib ki, bizim mövqeyimiz həm tarixi ədalətə, həm beynəlxalq hüquqa, həm də dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır: “Yəni, birinci mərhələdə işğal edilmiş rayonlardan erməni silahlı qüvvələri çıxarılır və prinsip etibarilə bu məsələ Minsk Qrupu çərçivəsində artıq təsbit edilib – 5 rayon, ondan sonra 2 rayon. Orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu bizim ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar”.

 

“Onların canını biz o kriminal xunta rejimindən xilas edəndən sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı artacaq. Çünki orada indi səfalət hökm sürür. Biz ora sərmayə də qoyacağıq, biz orada sosial proqramları da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və ora qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq”, - deyə İlham Əliyev bildirib.

Müəllif: Ayna.az