“Hökumət özəlləşdirmə çekləri ilə bağlı hərəkətə keçməlidir” – DEPUTAT

Cəmiyyət

29.03.2023 - 18:06

Prezidentə ünvanlanan kütləvi müraciətlərin önündə məmur səddi: yenilər köhnələrin qanunsuzluqlarını niyə ört-basdır edirlər?

Ötən əsrin sonlarında ümummilli lider Heydər Əliyevin imzası ilə təsdiq olunmuş Qanunla əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanması vətəndaşlar arasında böyük coşğu ilə qarşılandı. O səbəbdən ki, bu qərar sovetlər dönəmindən qalan dövlət əmlakının vətəndaşlar arasında bərabər bölünməsini təmin etməli idi.

Qanunda qeyd olunur ki, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizi payçılara, yəni Azərbaycan vətəndaşlarına məxsusdur. Daha bir məqam isə hər bir özəlləşdirmə payı üçün inflyasiyadan qorunan konkret məbləğin müəyyən olunması ilə bağlı idi. Dövlət Əmlak Komitəsinin 1996-cı il tarixli 222 saylı əmrinə əsasən, bir özəlləşdirmə payının qiyməti inflyasiyadan qorunmaqla minimum 2000 ABŞ dolları əmlak ekvivalentində nəzərə alınmışdı.

Bir sistemdən digər sistemə keçid edən ölkəmizdə hər biri dörd paydan ibarət olmaqla vətəndaşlara paylanan özəlləşdirmə çekləri “Qiymətli kağızlar haqqında” Qanunla tənzimlənirdi. Həmin qanunda isə açıq şəkildə qeyd olunurdu ki, qiymətli kağızlar üçün tədavül müddəti nəzərdə tutulmayıb. Yalnız pay sahibi olan şəxsin arzu və istəyi əsasında vauçerlər satışa çıxarıla, könüllü şəkildə digər şəxsə hədiyyə oluna bilər.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu mütərəqqi proses məmur oliqarxiyasının və bəzi işbazların yersiz müdaxiləsi nəticəsində yarımçıq yekunlaşdı. Daha doğrusu, bu mütərəqqi Qanun və onun icrasını təmin edən fərman icra edilmədi. Məmur oliqarxiyası hər vəchlə özəlləşdirmə çekləri ilə bağlı maarifləndirmə işlərinin həyata keçirilməsinin qarşısını alır, prosesin qısa bir müddət ərzində başa çatmasına səy göstərirdi.

Təəssüf ki, onlar öz məqsədlərinə nail oldular. 2011-ci ildə, heç bir hüquqi əsas olmadan özəlləşdirmə çeklərinin tədavül müddətinin başa çatdığı bəyan edildi. Nəticədə yüzminlərlə vətəndaş dövlətin ayırdığı və dədə-babalarından onlara miras qalan paydan istifadə etmək hüququndan məhrum oldu.

Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, hüquqşünaslar, iqtisadçılar, əmlak ekspertləri hökumətə davamlı çağırışlar etsələr də, özələşdirmə çekləri əlində qalan çoxsaylı vətəndaşların adından müvafiq qurumlara müraciət olunsa da, aidiyyəti orqanlar bu çağırış və müraciətlərə heç bir reaksiya vermir.

İddialara görə, hazırda dövlətdə təmsil olunan məsul şəxslər öz sələflərinin törətdikləri hüquqzidd əməllərə aydınlıq gətirilməsini istəmir və problemin müfəssəl şəkildə dövlət başçısına məruzə edilməsinə mane olurlar. İndiki məmurlar özlərindən əvvəlkilərin qanunsuz əməllərinin nəticəsi olan özəlləşdirmə çekləri məsələsi ilə bağlı ölkə ziyalılarının, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların kütləvi müraciətlərini ölkə rəhbərindən gizlətməyə çalışırlar.

Prezident İlham Əliyevin bu kimi məsələlərdə hər zaman vətəndaşların yanında olduğunu, sosial ədalət prinsipini daim rəhbər tutduğunu nəzərə alsaq, bu problemin də məhz onun siyasi iradəsi əsasında həllini tapacağına şübhə yeri qalmır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə çeklərinin taleyinə aydınlıq gətirilməlidir: “Məlumdur ki, son illər Azərbaycanda kompleks islahatlar həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu islahatların mahiyyətində idarəçiliyə yeni nəfəs gətirmək, dövlət qurumlarında optimal idarəetməyə keçidi təmin etmək, dövlət-vətəndaş münasibətlərini yüksəltmək dayanır. Bu məqsədlə müxfətlif fərman və sərəncamlar imzalanır, qərarlar verilir. İllərdir həllini gözləyən problemlər tədricən öz həllini tapmağa başlayıb”.

“Heç şübhəsiz, burada özəlləşdirmə çekləri ilə bağlı məsələ də diqqətdən kənarda qala bilməz. Xeyli sayda Azərbaycan vətəndaşı bu gün də öz çeklərini qoruyur və tədavül müddətinin yenidən artırılmasını gözləyirlər. Hesab edirəm ki, bu məsələyə də aydınlıq gələcək. Yaxşı olardı ki, Nazirlər Kabineti səviyyəsində problem öz həllini tapsın. Hökumət bu istiqamətdə hərəkətə keçməlidir”, - deyə deputat bildirib.

Əmlak eksperti Ramil Qasımzadə də AYNA-ya şərhində vurğulayıb ki, Azərbaycan hökuməti özəlləşdirmə çekləri ilə bağlı Qanunun tələblərinə əməl etməlidir: “Bu Qanun qəbul olunanda qeyd olunurdu ki, ölkə vətəndaşları əldə etdikləri özəlləşdirmə çekləri vasitəsilə müxtəlif müəssisələrin, zavod və fabriklərin özəlləşdirilməsində iştirak edə bilərlər. Bu, kifayət qədər vacib və ciddi məqam idi. Bir sistemdən digər sistemə keçid edən ölkənin vətəndaşlarının yeni sistemə inteqrasiyası, məşğulluğun artırılması baxımından da bu önəmli bir Qanun və Fərman idi”.

“Həm parlamentdə, həm də ölkə ziyalıları tərəfindən özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması, yaxud da dəyən zərərin kompensasiya şəklində ödənilməsi ilə bağlı rəsmi dairələrə çağırışlar edilir. Vauçerləri əlində qalan vətəndaşlar da müvafiq qurumlara müraciətlər edirlər. Hesab edirəm ki, hər şey hökumətin qərarından asılıdır. Elə qərar vermək lazımdır ki, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilsin”, - deyə Qasımzadə söyləyib.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Xüsusi qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri - QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray